Ehtiram Quliyev futboldan getdi...
Yaxın gələcəkdə bu xəbəri eşitsəniz, heç təəccüblənməyin.
Sanki hər şey buna doğru gedir.
Tovuzda son baş verənlər belə düşünməyə ciddi əsas verir. Bölgə klubu yeni mövsümə “bismillah” deməmiş hakim haqsızlığı ilə üz-üzə qaldı.
Premyer Liqanın ikinci turunun “Şamaxı” ilə matçında hər kəsin aşkar gördüyü təmiz qol hesaba alınmadı. VAR-ın olduğu, texnologiyanın bu qədər inkişaf etdiyi dönəmdə buna nə ad verəsən?
“Turan” zəif oynadı, Berdıyevlə bu klubu yaxşı gələcək gözləmir. Bunu ötən illərdə də çox demişik. Əcnəbi mütəxəssis üç ildir klubun başındadır, amma meydanda iki aya formalaşan “Şamaxı”dan ciddi nə iləsə fərqlənmədi.
Amma bunun hakim rəzalətinə heç bir dəxli yoxdur.
Fakt “Turan”ın təmiz qolu sayılmadı. Klub qızıl dəyərində 3 xalından məhrum oldu.
Tovuz futbol şəhəridir. Əbəs deyil ki, birinci turun 5 oyununa gələn tamaşaçı sayı “Turan” – “Qəbələ” oyununa gələn azarkeş sayından az idi.
Bu cür ağlasığmaz qərarlardan sonra haqlı olaraq Ehtiram Quliyev başda olmaqla həmin tovuzlu azarkeşlər də futboldan küsüb gedə bilər.
Niyə də yox?
Rəhbər milyonlar xərcləyir, azarkeşlər vaxtını, zamanını.
Sonda da bu cür biabırçı qərara görə arenanı məyus tərk etməli olurlar.
Bir gün birdəfəlik çıxıb gedəndə gec olacaq.
Çünki futbolda ən təhlükəli məqam rəhbərin və azarkeşin məğlubiyyətə yox, ədalətsizliyə görə futboldan soyumasıdır.
Bu, təkcə “Turan”ın yox, bütövlükdə Azərbaycan futbolunun itirəcəyi böyük bir dəyər olar.
Ona görə də bu gün məsələ bir qolun sayılıb-sayılmaması deyil.
Məsələ odur ki, futbola pul qoyan adamı, futbola vaxt ayıran azarkeşi bu oyundan soyutmayaq.
Yoxsa sabah “Ehtiram Quliyev futboldan getdi” xəbərini eşidəndə təəccüblənməyə haqqımız olmayacaq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
