Rəşad Sadıqov «Zirə»ni yeniləməkdədir.
İki ay əvvəl başlayan proses tamamlanmayıb, davam etməkdədir.
11-12 nəfərin göndər ilməsi bu deməkdir. Ardını gözləyin.
O, nə istəyir? Məqsədi komandasının simasını dəyişməkdən, daha hərəkətli oyun modelinə keçməkdən ibarətdir.
Bundan artığı? Büdcə hələ əl vermir. Ona ayrılan transfer xəzinəsi məhduddur.
Eren Aydının mövsümə qolla başlaması Rəşad Sadıqovu ümidləndirdi. Bu il Davit Volkovun ümidinə qalmayacaq, deməli.
Türkiyəli hücumçunun tədricən artırması göz qabağındadır. Gürcü həmkarı onunla ayaqlaşmağa çalışmasa, əsas heyətdəki yerini geri qaytara bilməyəcək.
Çünki Bayere Lue yaxşı qoşulub komandaya. Fil Dişi Sahilindən olan forvard «Şəfa»ya qol vurmasa da, Rəşad Sadıqovun ona Volkovdan daha çox güvənəcəyi şübhəsizdir.
Afrikalı onun arzuladığı hücumçu tipidir: topu ayağında saxlaya, korpus qoya, zərbə mövqeyini düzgün seçə blilir.
Üzü rəqib qapısına dönük oynamaq bacarığı «Zirə»nin işinə yarıyacaq.
Ümumiyyətlə, «Zirə» bu mövsümdə bir qədər fərqli olacaq. Səviyyəcə «Qarabağ», «Sabah» və «Neftçi»yə yaxınlaşmasalar da, balans və dirəniş sarıdan artırdıqları bəllidir.
«Şəfa»nın ikiqat müdafiə xətti ilə çıxdığı, tamamilə qapandığı oyunda qolu necə vurmaq lazım olduğunu nümayiş etdirdilər.
ELNUR
