Ona dəyərdimi?

6 May 2021 09:40 Zirə 637
Ona dəyərdimi?

Rəşad Sadıqovun "Zirə"yə gəlişi yeni mövsümün startından təxminən 1 ay əvvəl baş tutmuşdu.

İlk baxışdan heyətə müəyyən əl gəzdirməklə, işinə başlayacağı gözlənilirdi.

Amma o, proqnozların əksinə olaraq, köklü islahat aparmaq qərarı verdi: qısa müddətdə demək olar heyəti bütünlüklə dəyişdirdi. Və bu addım özünü çox gözlətmədən doğrultdu.

Elə ilk turlardan komanda inamlı və mübariz təsir bağışlamağa başladı. Bunun məntiqi nəticəsi kimi aktivə çox sayda xal yığmaq mümkün oldu.

Hətta bir müddər liderlik uğrunda mübarizədə də "Zirə"nin adı vardı. Komandanın hazırda da yeri pis deyil: sona 3 tur qalmış ilk üçlükdə qərar tutublar.

Ölkə kubokunda isə finalın bir addımlığından geri qayıtdılar. Hər halda ilk mövsüm üçün belə göstərici pis sayıla bilməz. Onu da nəzərə alaq ki, hələ mövsüm başa çatmayıb.

Əlbəttə, daha yaxşısı da ola bilərdi. Ki, Lazar Corceviç olmasaydı. Serbiyalı müdafiəçi meydana çıxdığı ilk oyunlardan səhvləri ilə yadda qalmağa başladı.

Səhv xatırlamıramsa, mətbuat konfranslarının birində onun zəif çıxışı ilə bağlı Rəşad Sadıqova sual da ünvanlanmışdı. O isə cavabında Corceviçə zaman lazım olduğunu bildirmişdi.

Görünür, yetəri qədər zaman da Corceviçə fayda vermədi. Ki, xətalarını təsbeh dənəsi kimi sapa düzdü.

Balkanlı futbolçunun bütün səhvlərini burada sadalamaq fikrindən uzağama. Amma komandanın "evini yıxan" iki səhvini desəm, məncə, bəs edər.

O, öncə "Neftçi" ilə oyunda etdiyi kobud səhvlə sonda "Zirə"nin bu mövsüm yeganə böyükhesablı məğlubiyyətinə səbəbkar oldu.

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündəki səhvi də komandasını çətin vəziyyətə saldı. Final fitinə az qalmış Anatole Abanqa qarşı o toxunuşa ehtiyac yox idi, amma o, əsəblərini qorumadı, bayaqdan «Zirə»ni «yıxmağa» fürsət gəzən hakimlərin gözünə işıq verdi.

«Zirə»nin çempionatda bürünc medal qazanmaq, başqa sözlə, avrokuboklara getmək şansı öz əlindədir. Amma bu da əldən çıxsa, Rəşad Sadıqov özünə mütləq bu sualı verməlidir: Corceviçə bir belə inanmağa və ona bolluca şans tanımağa dəyərdimi?

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!