Tanınmış yazar ŞOK OLAYı qələmə aldı - "1 dəqiqəlik sükut"

9 Aprel 14:00 Türkiyə 813
Tanınmış yazar ŞOK OLAYı qələmə aldı - "1 dəqiqəlik sükut"

Şanlıurfada "11 aprel" stadionunu dolduran onminlərlə azarkeş böyük hüzn yaşadı...

Futbolun sadəcə bir idman növü olmadığı növbəti dəfə təsdiqini tapdı.

"Fənərbaxça" qəbul etdiyi qərara əsasən, yaşıl meydana 19 yaşlılardan ibarət komandayla çıxdı.

Bəli, İstanbul klubu haqlı ola bilər, amma urfalılar bu münasibəti haqq etmədilər. Şəhər bu qarşılaşmanın həyəcanı ilə həmin günü səbirsizliklə gözlədi.
Amma olmadı...

Şanlıurfada keçirilən "Qalatasaray" - "Fənərbaxça" matçı türk futbol tarixinə daim xatırlanacaq gecə kimi həkk olundu. Əslində, ssenari əvvəldən məlum idi.

Necə deyərlər, kino başlamadan başa çatdı. Görüşə 19 yaşlılardan ibarət komandası ilə çıxan "Fənərbaxça" 1-ci dəqiqədə qapısından buraxdığı qoldan sonra qarşılaşmanı davam etdirməkdən imtina etdi.

Səbəb isə bəllidir: "Sarı lacivərdlilər"in hakim səhvlərinə və Türkiyə Futbol Federasiyasına etirazı...

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi bu quruma rəhbər təyin edildikdən sonra ölkə futbolunda xaos dərinləşib.

Hakimliklə bağlı etirazlar, qəbul edilən qərarlarda ikili standartlar səbir kasasını doldurub. Belə ki, ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan super kubok finalı oynanılmadı.

Burada federasiya rəhbərliyinin yerli təşkilat komitəsi ilə bəzi məsələləri razılaşdırıb, komandalara məlumat verməməsi İstanbul nəhənglərinin etirazına səbəb olmuşdu. Hər iki komanda Səudiyyə Ərəbistanındakı görüşdə stadiona getməmişdilər.

Hələ Super Liqa çərçivəsində keçirilən "Ankaragücü" - "Rizespor" matçında (1:1) görüşün baş hakimi, FİFA dərəcəli hakim Halil Umut Melerin final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca tərəfindən döyülməsinə TFF prezidenti "yetər, yetər" deyərək çempionatların müddətsiz təxirə salındığını söylə-sə də, buna əməl edilmədi.

Cəmi 3-4 gün sonra Büyükekşi çempionatların bərpa olunduğunu açıqlayaraq növbəti dəfə rəhbərlik etdiyi qurumun etibarını zədələdi.

Cari mövsümdə Super Liqanın 30-cu turunda "Trabzonspor" azarkeşlərinin "Fənərbaxça"nın futbolçularına (2:3) hücum etməsi isə hadisələrin kulminasiya nöqtəsi oldu. Bu hadisədən sonra klub rəhbərliyi radikal qərarlar qəbul etməyə məcbur oldu.

"Fənərbaxça" ədalətsizliyə qarşı bəyanatlarla etiraz etməkdən yorularaq, icraya keçdi. Yəni superkubok finalına 19 yaşlılardan ibarət komandanı göndərmək federasiyaya, onun havadarlarına etiraz kimi dəyərləndirilməlidir.

Əslində, klubun aprelin 2-də keçirilən növbədənkənar ümumi qurultayında çıxış edərkən "Fənərbaxça" prezidenti Əli Koç bunun anonsunu vermişdi:

"Urfaya səyahət planı qurmayın, bilet almayın. Superkubok biletləri sifariş etməyin. Bizim iki variantımız var.

Ümumiyyətlə, superkubok matçında oynamamaq, digəri isə matça 19 yaşlı futbolçularla çıxmaqdır. Radikal qərarlarımıza superkubok finalı ilə başlanılacaq".

İllər boyu danışılacaq bu hadisədə əsla kimin haqlı olduğu anlaşılamayacaq. Çünki hər iki tərəf müxtəlif arqumentlər gətirərək "Biz haqlıydıq" deyəcəklər. Ancaq yalnız bir gerçəklik var.

O da TFF rəhbərliyinin yarıtmaz siyasətindən təngə gələn klubların daha da çoxalmasıdır. İyulun 18-də TFF-ni növbədənkənar seçkilər gözləyir.

Görünən odur ki, bu dəfə Əli Koç Mehmet Büyükekşiyə qırmızı vərəqə göstərərək, "yetər, yetər" deyəcək.

Elçin Cəfərov

Digər Xəbərlər
Xəbər Lenti