«Turan Tovuz» gələn mövsüm daha iddialı olacaq.
Saytımız bu yöndə maraqlı məlumata yiyələnib.
Klubdan redaksiyamıza ötürülən informasiyaya görə, Ehtiram Quliyev maliyyələşmə prosesində təkbaşına iştirak etməyəcək.
2023-cü ilin martından bəri «bozqurdlar»a himayədarlıq edən iş adamının artıq əlavə dəstəkçiləri var. Belə ki, Tovuza bağlı 8 şəxs doğma rayonun təmsilçisinə maddi kömək etməyə razılaşıb.
Onlardan bəzisi biznes sferasına aiddirsə, digərləri müxtəlif dövlət strukturlarında çalışanlardır. Böyük ehtimalla, həmin insanların adları ictimaiyyətə açıqlanmayacaq.
Bu da başadüşüləndir - heç də hamı futbola vəsait ayırmasının geniş kütləyə məlum olmasını istəmir. Sırf ehtiyat üzündən.
Bununla belə, dəqiqdir ki, qərb komandasının büdcəsi ötən illə müqayisədə bir xeyli artırılıb. Ehtiram Quliyevin özü də bunu gizlətməyib.
İdarə Heyətinin sədri kollektiv üzvləri ilə son görüşündə kifayət qədər iddialı danışıb. O, Premyer Liqada birbaşa çempionluq mübarizə aparacaqlarını deyib.
Bildirib ki, UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmaqları onları ruhdan salmayıb.
İş adamı qeyd edib ki, 32 ildən sonra Premyer Liqada mükafatçılar sırasına düşüb qitə arenasına çıxmaq hüququ qazansalar da, məlum qərar növbəti sezonla bağlı bəzi planların dəyişməsinə səbəb olub.
Bununla belə, Quliyev söyləyib ki, «Turan»a kifayət qədər büdcə ayıracaqlar.
Sədr vurğulayıb ki, klub maliyyə cəhətdən heç bir problem yaşamayacaq, bütün işlər yüksək səviyyədə görüləcək.
Rəhbər yeni transferlərə nə qədər lazımdır vəsait ayıracaqlarını diqqətə çatdırıb, hədəfləri daha da böyüdəcəklərini söyləyib.
Tovuz təmsilçisi 2019-cu ildə baş verən hadisələrə görə avrokuboklara buraxılmayıb.
Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, “Turan Tovuz”un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.
Qərb klubu məsələnin müsbət həlli üçün İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub. Di gəl, CAS «Turan»ın iddiasını rədd edib, UEFA-nın qərarını qüvvədə saxlayıb.
SPORTİNFO.AZ

