"Fənərbaxça" "Turan Tovuz"la yoldaşlıq görüşü üçün Tovuza səfər edəcəyi deyilir.
Xoş mənzərədir. Bir Türkiyə nəhəngi bölgəmizə səfər edəcək.
İndidən demək olar ki, nəinki Tovuzda, hətta bütün Qərb bölgəsində İstanbul nəhənginin gəlişi böyük hadisə kimi qarşılanacaq.
Hamımıza yaxşı məlumdur ki, böyük klublar bu cür qarşılaşmalara kommersiya kimi baxır.
Təkcə xərclərinin qarşılanmasını tələb etmir, həm də əlavə maksimum qazanc əldə etməyə çalışır.
Zamanında eyni təcrübəni "Xəzər Lənkəran" fanatlarına yaşadıb. Məhz "Fənərbaxça"nı "Fırtınalar meydanı"na aparmaqla.
Cənub təmsilçisi şou xarakterli matçdan nəsə qazanmadı. Əksinə, büdcəsini xərclədi.
Nəzərə alaq ki, "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovla "Fənərbaxça"nın başqanı Əziz Yıldırım arasında yaxın münasibətlər vardı. Oyunun baş tutmasında dostluq münasibətləri xüsusi yer tuturdu. Bu da əlavə xərclərdən azad olmaq deməkdir.
Əgər bu görüş də tanışlıq, qardaşlıq üzərindən baş tutacaqsa, deyəcək bir sözüm yoxdur.
Qardaş ölkə təmsilçisi xoş gəlir, səfa gətirir.
Amma 1 günlük həvəs üçün böyük pulları havaya sovurulacaqsa, buna dəyməz.
Bəli, avrokuboklardan kənarda qalmaq "Turan Tovuz"un rəhbərliyinə xoş deyil. Bəlkə də bu yolla təsəlli tapmağa çalışır. Qəti olmaz!
Əvəzində daha istəkli, daha səbrli, daha peşəkar formada yeni mövsümə hazırlaşmaq faydalı ola bilər.
Sözü meydanda demək lazımdır. Pulla bərabər enerjini bu cür tədbirlərə xərcləməyə dəyməz.
XANOĞLAN / SPORTİNFO.AZ

