“Turan”da 560 min avronu havaya sovururlar - Ehtiram Quliyevi necə aldadırlar?

13:40 Turan 311
“Turan”da 560 min avronu havaya sovururlar - Ehtiram Quliyevi necə aldadırlar?

“Turan Tovuz” yeni eyni cür idarə olunur.

Son olaylar klubun rəhbəri Ehtiram Quliyevi ayıltmayıb, əksinə, o, daha hirslə eyni səhvləri təkrarlamağa davam edir.

Bəlkə də Quliyev üçün itirilən milyonların bir önəmi yoxdur, hər necə də olsa, öz pulunu xərcləmir, klubun təkbaşına himayədarı deyil. Lakin bu qədər yanlışla eyni yolu getmək uğurlu biznes adamına yaraşmır.

Tovuzlular hələ də komandanın avrokuboklardan uzaq qalmasının əsas günahkarlarını tapa bilməyib. Ehtiram bəy güzgüyə, yaxın ətrafına baxmağı vacib saymır. Susur, ətrafı isə özünü qorumaq üçün müxtəlif versiyalarla iz azdırır. Bir ara “Zirə”, ardınca AFFA hədəf göstərildi, ictuimaiyyət önünə linç edilmək üçün atıldılar. Amma bu, yalnız özünü aldatmaqdır.

Elə CAS-da məsələni müsbət həll edəcəyini vəd verən vəkilə xərclənən yüzmilyonlar da itirildi. Həmin vəkili məsləhət bilənlər indi onunla pul bölür, tovuzlu azarkeşlərin imidini qıranlar isə öz işindədir.

Ehtiram bəy ətrafına diqqətlə baxmalıdır. Güvənib gətirdyi dostları yalnız maaş almaq, müxtəlif əməliyyatlardan cib doldurmaq üçün deyillər, onlar həm də Quliyevə yardım etməlidirlər. Sədr bəlkə də futbolun incəliklərini bilmir, yalnız büdcə ayırmaqla kifayətlənir, bəs, Nəsimi Paşayev, Səməd Nəsibov və başqa dost-qardaşlar nəyə lazımdır?

Hələ Oqtay Abdullayev də var. İllərdir klubda olan, avrokuboklardan kənarlaşdırılmaya səbəb olan olayarın mərkəzində dayanan bu şəxs klubu Quliyevə təhvil verəndən sonra bu problemlərin həlli üçün nəsə edibmi? O zaman hoqqa verib, indi də “Turan Tovuz”un problemlərini həll etmək əvəzinə “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimova qarmaq atır, komandanın veteranlarını başına yığıb onunla görüşə gedir. Absurddur, amma reallıqdır.

Ehtiram bəyin başının üstündən iş görənlər, onu aldadanlar bir deyil, iki deyil. Şəxsən mənə maraqlıdır – dünən qoca İbrahima Vadji ilə yeni müqaviləni imzalayanlar bunu nə ilə əsaslandırdı? Mövsümə bir qol vuran, bunun üçün 280 min avro maaş alan fransalını hansı adla komandada saxladılar? Həm də daha yüksək şərtlərlə…

Klubu caynağına alan menecer dəstəsi, onların klubdakı şərikləri Ehtiram bəyi müflis etməyə çalışır, deyəsən. Elə olmasa, mövsüm ərzində 3-4 matça çıxan, meydanda olduğu dəqiqələr bir matçı doldurmayan David Tavares hələ də heyətdə saxlanılmazdı. Keyfiyyətsiz oyunçudursa, onu gətirənlərdən hesab istənməlidir; keyfiyyətlidirsə, baş məşqçiyə sual verilməlidir.

Söhbət sıradan oyunçudan getmir. İlk mövsümündə 170 min avro maaş alan bu oyunçu ilə 3 illik müqavilə var və anlaşma şərtləri getdikcə yüksəlir. Qarşıdakı futbol ilində Tavares 190, daha sonra 200 min avro almalıdır. Maraqlısı odur ki, Quliyev indiyədək kluba gələn oyunçulardan yalnız Davidin təqdimatında iştirak edib və belə çıxır ki, sədr təkcə onunla foto çəkdirmək üzün 560 min avronu havaya sovurur.

Bütün yanlışlarına rəğmən,Ehtiram bəyin futbol aşiqi olduğunu düşünürəm. Son illər heç bir klub prezidenti onun qədər ön planda olmayıb – o, başqaları gizlənərkən sinəsini qabağa verib, hədəf göstərib, onun üçün çalışıb.

Ancaq buna rəğmən, ayağının altını qazanları görməməsi təəssüf doğurur. Özü bilər, bircə o dəqiqdir ki, tovuzlu azarkeşlər buna layiq deyil, onlara daha yaxşısını təqdim etmək olar (futbolinfo).

VÜSAL MAHMUDOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!