“Turan Tovuz” növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparacaq.
Bu iddia klubun rəhbər adamı Ehtiram Quliyevə məxsusdur.
Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı 3-cü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazanan bölgə təmsilçisinin UEFA-nın sanksiyası ilə üzləşməsi klub rəhbərliyini rruhdan salmayıb.
Əksinə, növbəti “futbol ili”ndə iddiasını artırmasına səbəb olub.
Baş məşqçi Kurban Berdıyev də öz növbəsində heyətin gücləndirilməsini xahiş edib.
Təcrübəli çalışdırıcı bir neçə mövqeyə yeni futbolçuların cəlb olunmasının vacibliyini qeyd edib.
Berdıyev biri mərkəz, digəri cinah oyunçusu olmaqla iki müdafiəçinin gətirilməsində maraqlıdır.
Yarımmüdafiə xəttinə də azı bir nəfər cəlb olunmalıdır.
Və baş məşqçinin ən yaralı yeri – hücum xətti. Kurban Bekiyeviç rəhbərliklə söhbətdə qol imkanlarından maksimum yararlana bilən forvarda ehtiyac duyduğunu açıq şəkildə bəyan edib.
Bu, o deməkdir ki, “Turan Tovuz” yay fasiləsində azı dörd legionerlə güclənəcək.
Qərb təmsilçisi geridə qalan müddətdə Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok və Ayxan Hüseynovla yollarını ayırıb.
Hələ ki, yalnız bir transfer gerçəkləşib. “Şamaxı”dan tanıdığımız Dioqo Balau ilə 2 illik müqavilə imzalanıb.
HƏBİB / SPORTİNFO.AZ

