«Turan Tovuz» gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaq.
Bu iddianı klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev irəli sürüb.
O, komanda üzvləri ilə görüşündə kifayət qədər «yuxarıdan biçib». Bildirib ki, UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmaqları onları ruhdan salmayıb.
İş adamı qeyd edib ki, 32 ildən sonra Premyer Liqada mükafatçılar sırasına düşüb qitə arenasına çıxmaq hüququ qazansalar da, məlum qərar növbəti sezonla bağlı bəzi planların dəyişməsinə səbəb olub.
Bununla belə, Quliyev deyib ki, «Turan»a kifayət qədər büdcə ayıracaqlar.
Sədr söyləyib ki, klub maliyyə cəhətdən heç bir problem yaşamayacaq, bütün işlər yüksək səviyyədə görüləcək.
Rəhbər yeni transferlərə nə qədər lazımdır vəsait ayıracaqlarını diqqətə çatdırıb, hədəfləri daha da böyüdəcəklərini söyləyib.
Tovuz təmsilçisi 2019-cu ildə baş verən hadisələrə görə avrokuboklara buraxılmayıb.
Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, “Turan Tovuz”un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.
Qərb klubu məsələnin müsbət həlli üçün İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub. Di gəl, CAS «Turan»ın iddiasını rədd edib, UEFA-nın qərarını qüvvədə saxlayıb.
SPORTİNFO.AZ

