İdman Arbitraj Məhkəməsi (CAS) «Turan Tovuz»un müraciətini geri çevirdi.
CAS klubu avrokuboklara buraxmamaqla bağlı UEFA-nın qərarını qüvvədə saxladı.
Bu, «Turan Tovuz»un Türkiyədə təlim-məşq toplanışı keçdiyi ikinci günə təsadüf etdi.
«Bozqurdlar» iyunun 14-də Ankaranın Kızılcahamam bölgəsinə yollanmışdı, 1 gün sonra CAS məlum məsələyə baxdı, ertəsi də toplanış yarımçıq dayandırıldı. Komanda iyulun 5-dək istirahətə buraxıldı.
CAS-dan belə qərar çıxacağı gözlənilirdi. Çox az adam inanırdı ki, məhkəmə «Turan Tovuz»un iddiasını təmin edəcək.
Praktika deyir ki, CAS UEFA-nın oyun «alver»iylə bağlı qərarlarına nadir hallarda müdaxilə eləyir. Praktikada yalnız bir dəfə belə hala rast gəlinib - onda da bəxt «Osasuna»nın üzünə gülüb.
Bir futbolçusunun «qumar»da iştirakına görə avrokuboklarda mübarizə aparmaq haqqından məhrum olunmuş İspaniya klubu CAS-a baş vurandan sonra məqsədinə çatmışdı.
«Turan Tovuz»da isə vəziyyət tam fərqlidir. Komandanın birdən-birə 7 oyunçusu «stavka»da «ilişib». Bu, hadisənin kütləviliyi deməkdir.
Və Ehtiram Quliyevin rəhbəri olduğu klubda hər kəs bilirdi ki, CAS tərəfindən UEFA-nın qərarının dəyişdirilməsi qeyri-realdır.
Günlərdir sosial şəbəkələrdə belə müzakirələr gedir ki, gərək «Turan Tovuz» bütün bunları gözə alaraq gərək o qədər pul xərcləməz, Türkiyəyə yollanmazdı.
Bəli, bu, doğru tənqiddir. Gərək gözləyərdilər, səfərə çıxmağa tələsməzdilər.
Səhv yanaşma klubun işçi personalıyla bağlıdır. Onlar nahaqdan qınanılır.
Guya, yaxın çevrəsi Ehtiram Quliyevi inandırıb ki, CAS «Turan»ın lehinə qərar verəcək, o da 100 min dolladan artıq xərc çəkməyə razılaşıb, komandanı Ankaraya göndərib.
Eh, bunu deyən adamlar necə də sadəlövhdür!
Ehtiram Quliyev kənardan göründüyü qədər yumşaq və sadə biri deyil, məsləhətə qulaq asmaqla çox da arası yoxdur. Onun öz aləmi var, ora hər kəsi buraxmaz.
Nədənsə ictimaiyyətdə belə rəy formalaşıb ki, «Turan Tovuz»un bütün ağırlığı Quliyevin üzərindədir, klubun maddi təminatını tamamilə özü qarşılayır.
Uşaq olmayın, həqiqət başqadır.
Daha 8 nəfər var ki, onlar «Turan Tovuz»un maliyyələşməsində həm birbaşa, həm də dolayısı ilə iştirak edirlər. Həmin şəxslərdən kimisi məmur, kimisi iş adamıdır.
Sadəcə, o kəslər üzdə olmaq istəmirlər, yəni ki, Ehtiram Quliyev medalın görünən tərəfidir.
Ekranda, efirdə, mikrafon qarşısında, stadionda, VİP-lojada, komandanın paltardəyişmə otağında başqa fərdləri görmürük deyə, düşünürük ki, yazıq adam, bütün işləri təkbaşına özü görür, köməyi filanı yoxdur.
Bilin və ağah olun - bu, əsla, belə deyil! O insanlar «Turan Tovuz»a bəlkə də Quliyevdən daha çox vəsait xərcləyir.
Burada hərə bir işin qulpundan yapışıb və həmin sahə üzrə xərcləri ödəyir.
Komandanın Türkiyəyə aparılması üçün sərf olunan vəsait İdarə Heyətinin sədrinin cibindən çıxsaydı, o, qətiyyən belə etməzdi.
Sən necə iş adamısan ki CAS-ın UEFA-nın qərarını dəyişdirəcəyinə inanmadığın halda, Türkiyəyə səfər təşkil edirsən, bu yolda külli miqdarda sərfiyyata göz yumursan?
Məgər Quliyev o qədər vəsaiti küçədən yığıb, əli necə gəlir? Toplanışı 2-3 gün ertələyib, CAS-ın yekun qərarını gözləmək olmazdı?
Nə olacaqdı onda, dünya dağılacaqdı?
Ən məntiqli qərar/addım bu olmazdımı elə? Qara buludların səmanın üzünü örtdüyü gün bayıra qısaqol köynəklə çıxan adama bilirsiz də, nə deyirlər?
Hə, belə yerdə onu da deyirlər ki, özgəsinin puludur, onu xərcləməyə nə var e?
ELNUR

