«Turan Tovuz»un yarmmüdafiəçisi Ayxan Hüseynova yeni rəsmi təklif gəlib.
Budəfəki dəvət Türkiyədəndir.
Belə ki, «Vanspor» millimizin üzvünə iddiasını ortaya qoyub. TFF I Liqada çıxış edən klub öz istəyi ilə həmyerlimizi tanış eləyib.
Çağırışın müddəti 2 illikdir. Hüseynovun Türkiyəyə yollanmaq ehtimalı indi daha yüksəkdir, nəinki Almaniyaya getməsi.
Çünki onun «Darmştadt»a keçidində durğunluq yaranıb. II Bundesliqa klubu Ayxana 2+1 illik müqavilə təklif edib, amma…
Maliyyə baxımından irəli sürülən şərtləri dəyişmək istəmirlər. I Bundesliqaya vəsiqə qazana bilməyən «Darmştadt» digər oyunçularla müqayisədə həmyerlimizə kifayət qədər aşağı məbləğ ödəmək niyyətindədir.
Odur ki, tərəflər arasında danışıqlar bir qədər dalana dirənib. Hüseynov onlardan, onlar da Hüseynovdan yekun cavab gözləyir.
Vəziyyət elədir ki, istənilən halda yaxın 1-2 həftə ərzində məsələyə nöqtə qoyulmalıdır. Almanlar maaşda artım etməsələr, Ayxan Türkiyə və Asiyadan olan təkliflərini dəyərləndirəcək.
Hələ növbədə Premyer Liqa təmsilçiləri də var.
«Turan» 4 ildir xidmətindən yararlandığı 26 yaşlı oyunçunu düşərgədə saxlamağa maraqlıdır, həmçinin digər iddialılar elçi daşının üzərində əyləşib.
Ayxan Abbasov «Vanspor»a getsə, bu liqadakı soydaşlarımızın sayı ikiyə çatacaq. Yaxınlarda Toral Bayramov da «Qarabağ»ı «Bursasror»a dəyişib və 2 illik müqaviləyə qol çəkib.
SPORTİNFO.AZ

