UEFA "Turan Tovuz"a tətbiq etdiyi qadağanı dəyişəcək?

13:40 Turan 257
UEFA "Turan Tovuz"a tətbiq etdiyi qadağanı dəyişəcək?

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü üçüncü pillədə başa vuran və UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" avrokuboklarda iştirak etmək hüququndan məhrum edilib.

AFFA-nın yaydığı məlumata görə, UEFA-nın Apellyasiya Orqanı iyunun 2-də qəbul etdiyi qərarla Tovuz təmsilçisinin 2026/2027-ci illər mövsümündə Konfrans Liqasında çıxış etməsinə qadağa qoyub.

Qərarın əsasında 2019-cu ildə danışılmış oyunlarla bağlı baş vermiş hadisələr dayanır. Həmin dövrdə I Divizionda çıxış edən "Turan Tovuz"un yeddi futbolçusunun nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlarda iştirak etdiyi müəyyən edilib.

Bununla əlaqədar Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadə futbolla bağlı bütün fəaliyyət növlərindən ömürlük uzaqlaşdırılıb.

UEFA məhz həmin qərara istinad edərək klubun avrokuboklarda iştirak hüququna yenidən baxıb və yekunda "Turan Tovuz"un turnirdən kənarlaşdırılması barədə qərar qəbul edib.

Məlumata görə, klub rəhbərliyi qərarın ləğvi üçün müxtəlif hüquqi vasitələrə əl atmağı planlaşdırır.

"Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı qərarı "AzPolitika"ya şərh edən idman mütəxəssisi Aslan Kərimov klubun qadağanın ləğvinə nail olmasının asan olmayacağını bildirib.

O qeyd edib ki, futbolun hüquqi tərəfi üzrə mütəxəssis olmasa da, beynəlxalq futbol təcrübəsində oxuduqları və müşahidə etdiyi nümunələr UEFA-nın bu cür məsələlərdə sərt mövqe tutduğunu göstərir.

A. Kərimovun sözlərinə görə, danışılmış oyunlarla bağlı insidentlər barədə UEFA vaxtında məlumatlandırılmalıdır: "Əgər belə məlumatlar vaxtında təqdim edilmirsə, sonradan verilən izahatlar və ya müraciətlər adətən qərarın dəyişdirilməsi üçün kifayət etmir. UEFA-nın oxşar məsələlərdə qəbul etdiyi qərarların sonradan dəyişdirilməsi çox nadir hallarda baş verir. O, nümunə kimi İtaliya futbolunda yaşanan qalmaqalları xatırladaraq, vaxtilə hətta "Yuventus" kimi böyük klubun da ciddi sanksiyalarla üzləşdiyini qeyd edib".

Aslan Kərimov hesab edir ki, "Turan Tovuz"un qərardan apellyasiya şikayəti verməsi mümkün olsa da, bu proses uzun müddət tələb edir: "İdman arbitrajı və digər hüquqi prosedurlar aylarla davam edə bilər, halbuki UEFA Konfrans Liqasının yeni mövsümü yaxın zamanda start götürəcək. Bəzi hallarda futbolçu qadağan olunmuş preparatı bilmədən qəbul etsə belə, bu barədə əvvəlcədən məlumat verilmədiyi təqdirdə məsuliyyətdən yayınmaq mümkün olmur. "Turan Tovuz"la bağlı vəziyyətdə də əsas məsələ UEFA-nın vaxtında məlumatlandırılıb-məlumatlandırılmaması ilə bağlıdır".

Bununla yanaşı, o vurğulayıb ki, hüquqi proseslərin yekun nəticəsini proqnozlaşdırmaq çətindir və bəzi hallarda daha yüksək instansiyaların qərarları UEFA-nın mövqeyinə təsir göstərə bilər. Lakin mövcud təcrübəyə əsasən, UEFA-nın qəbul etdiyi belə qərarların dəyişdirilməsi olduqca çətin görünür: "UEFA adətən bu tip qərarlarını dəyişmir. Buna görə də məncə, "Turan Tovuz"un Konfrans Liqasındakı yerini geri qaytarması çox mürəkkəb proses olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti