Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etməli olan "Turan Tovuz" klubu bu hüquqdan məhrum edilib.
Sportinfo.az məsələ ilə bağlı bir çox mətləbləri üzə çıxarıb.
Əldə etdiyimiz digər məlumata görə, məsələnin kökü 2019-cu ildə başverənlərə gedib çıxır.
Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən "Turan Tovuz”un 7 oyunçusu - Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Tovuz təmsilçisinin Konfrans Liqasına gedənyolunu bağlayan qadağa da məhz bu hadisələrdən qaynaqlanır.
Təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz"a bununla bağlı məktub gəlib.
Klub qısa müddətdə məhkəməyə müraciət edib, məsələnin həllinə çalışıb.
Hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova belə müraciət olunub.
Lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.
"Turan Tovuz" rəhbərliyi qərarla hələ də razılaşmaq istəmir.
Mümkün bütün instansiyalara baş vurub, qadağanı aradan götürməyə ümid edir.
Əks halda, 32 ildən sonra avrokuboklarda iştirak hüququ qazanan "Turan Tovuz"u mövsümü 5-ci sırada tamamlayan "Zirə" kollektivi əvəz edəcək.
Qeyd edək ki, "Turan Tovuz"un yerinə "Zirə"nin avrokuboklara gedə biləcəyi xəbərini ilk olaraq Xitab24.az yazıb.
XANOĞLAN / SPORTİNFO.AZ

