"Mən Azərbaycanda əvəzedici komandaların oyunlarını xüsusi izlədim. Burada çox istedadlı uşaqlar var. Sadəcə, bu gənclərin itib-batmaması üçün sistem lazımdır”.
Bu fikirləri Kurban Berdıyev Rusiya mətbuatına açıqlamasında səsləndirib.
Biz illərdi bu barədə bar-bar bağırırıq, amma qulaq asan yoxdur.
Dünya ünlü mütəxəssisin cəmi 2 ildə gördüyü həqiqəti bizim futbol başbilənlərimiz 30 ildən artıqdır görmür/görmək istəmir.
Əvəzində ortaya atılan bir fikir var - Yaxşı yerli futbolçu yetişmir...
İllərdi bu cümlə ölkə futbolunda aksiomaya çevrilərək beyinlərə yeridilib.
Kökündən səhvdir.
Həyatda heç nə öz-özünə yetişmir.
Heç kənd təsərrüfatı malları belə.
Olsun pomidor, olsun xiyar və.s.
Münbit torpaq seçməlisən, vaxtı-vaxtında gübrəsini verməli, toxum səpməli, vaxtaşırı dibinə su tökməlisən.
Mövsümü gələndə yaxşı məhsul yığasan.
Futbol da eynən belədir.
Yaxşı yerli oyunçuların çıxacağı münbit şəhərlər, rayonlar, kəndlər var.
Həmin ünvanlar seçilməli, lazım olan şərait qurulmalıdır.
Bir sözlə, sistem olmalıdır. Ki, ölkənin istedadları meydanlara axışsın.
Kurban Berdıyev də bizim kimi məhz bunu deməyə, başa salmağa çalışıb.
Qalır izinə düşüb, uğura getmək...
XANOĞLAN/ SPORTİNFO.AZ

