Premyer Liqanın 10-cu turunun maraqla gözlənilən qarşılaşması bölgə təmsilçilərinin iştirakı ilə baş tutacaq.
“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.
Stadion dolacaq?
Oyuna rəng qatan başlıca məqam “Turan Tovuz”un uzun müddətdən sonra rəqibini doğma meydanda qəbul etməsidir. İstifadə müddəti çoxdan başa çatmış süni örtüklü qazon tarixin yaddaşına qovuşub. Komanda bundan sonra rəqiblərini xalçanı xatırladan təbii öt örtüklü meydanda qəbul edəcək.
Yayda başlayan iş prosesi artıq başa çatıb, UEFA tərəfindən qazona sertifikat verilib. Bu, azarkeşlərin 5 aydır davam edən intizarının başa çatması anlamına gəlir.
Maraq üçün bildirək ki, “Turan Tovuz” doğma meydanda sonuncu görüşünü ötən mövsümün sonuncu – 36-cı turunda “Kəpəz”ə qarşı keçirmişdi. Mayın 25-də gerçəkləşən dueldən 160 gün keçir.
“Turan Tovuz” uduzsa...
10-cu tura 18 xalla turnir cədvəlinin lideri qismində “ayaq basan” qərb təmsilçisi “Qarabağ”ın “İmişli” üzərində qazandığı 2:0 hesablı qələbədən sonra birinci pilləni son çempiona təhvil verib. Yenidən taxta yüksəlmək üçün “Şamaxı”nı məğlub etmək mütləqdir.
Yeri gəlmişkən, “Turan Tovuz” bu oyunda məğlub olacağı, hətta heç-heçə edəcəyi halda, nəinki ilk pilləni, hətta ikinci sıranı da əldən verə bilər. Təbii ki, “Zirə”ylə “Araz-Naxçıvan” qalib gəlsə.
Təcrübə, yoxsa istək?
Və ən həssas məqam, Ayxan Abbasovun Tovuza səfər etməsi.
Qərblilər 2022-ci ilin yayında elitaya yüksələndə komanda məhz 44 yaşlı mütəxəssisə tapşırılmışdı. Abbasov maddi vəziyyətin yaxşı olmadığı dönəmlərdə düz 2 il “Turan”a başçılıq etmiş, 2024-cü ilin yayında heç kimin gözlədiyi halda postundan ayrılmışdı.
Abbasov açıqlamalarında “Turan”a hörmətlə yanaşdığını bildirsə də, hadisələrin gedişatına diqqət yetirəndə vəziyyətin fərqli olduğunu görmək çətin deyil. “Şamaxı”nın və Azərbaycan millisinin baş məşqçisi təcrübəli sələfi Kurban Berdıyevdən heç də zəif məşqçi olmadığını sübut etmək üçün qələbə həvəsi ilə alışıb-yanır.
Yeri gəlmişkən, ötən mövsüm “Turan” – “Şamaxı”, başqa cür desək, Abbasov-Berdıyev duellərində iki qələbə qeydə alınıb ki, hər ikisind sevinən tərəf rusiyalı mütəxəssis olub - 2:2, 3:2, 1:0, 1:1.
Xüsusən Tovuzdakı duellər dramatikliyi ilə yadda qalıb. İkinci dövrədə “Şamaxı” səfərdə 2:3 hesabı ilə məğlub olub, dördüncü dövrədəki qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Noyabrın 2-də keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.
HƏBİB

