“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin müqaviləsini uzatmaq bəndini aktivləşdirməsi iddia olunur.
Bu xəbəri Rusiyanın sport24.ru saytı paylaşıb.
Yerli həmkarlarımızın yazdığına görə, adıçəkilən mütəxəssisin sözləşməsi 2027-ci ilin yayına qədər uzadılıb.
Onun anlaşması cari mövsümün sonuna qədər idi. Komandanın 9 turdan sonra Premyer Liqaya liderlik etməsi rəhbərliyin 1 illik uzatma bəndini aktivləşdirməsinə səbəb olub.
Lakin tovuzlular bununla kifayətlənmək fikrində deyillər. Qərb təmsilçisi 73 yaşlı çalışdırıcıya daha yaxşı məvacib qarşılığında ən azı daha 3 il müddətinə yeni müqavilə təklif etməyi planlaşdırır.
Rəhbərlik rusiyalı məşqçinin komandanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir və onu klubun uzunmüddətli inkişaf strategiyasında əsas fiqur kimi görür.
Düzünü bilmək istəyirsizsə, məlumat verək ki, yayılan xəbərin həqiqətlə arası yoxdur. “Turan Tovuz” ötən ilin iyununda görəvə gətirdiyi Berdiyevlə bu yöndə son vaxtlar heç bir müstəvidə danışıqlar aparmayıb.
Avrokuboklara iddialı klub hələlik «Baba» ləqəbli çalışdırıcı ilə məlum istiqamət üzrə addım atmağa tələsmir.
Bu, komandanın qazanacağı nəticələrdən asılıdır.
Əgər “Turan Tovuz” qitə arenasına vəsiqə qazansa, kontrakt yenilənəcək, əks halda isə… Berdiyevə “yaxşı yol“ deyiləcək.
SPORTİNFO.AZ

