Kurban Berdiyevdə olan bəxt Premyer Liqanın digər 11 klubunun baş məşqçisinin heç birində yoxdur.
Nə möcüzədirsə!
«Turan Tovuz» futbol oynamadan qazandığı oyunlar seriyasına dünən daha birini əlavə etdi. «Karvan» önündə çox sönük 45 dəqiqə keçirdilər.
Rəqiblər arasında büdcə və səviyyə fərqi qətiyyən nəzərə çarpmadı. Top əsasən «Turan»ın futbolçularının ayağında dolaşsa da, nominal ev sahiblərinin qapısı ağzında təhlükəli ola bilmədilər.
Bütün cəhdlər yarımçıq alınırdı və belə təsəvvür yaranırdı ki, «Turan» səhərədək oynasa, «Karvan»ın qapısına yol tapmağa güclük çəkəcək.
Hücumçuların arxasında mövqe tutan Rəhim Sadıxovun canfəşanlığı yalnız cərimə meydançasının xətti üzərinədək effektiv idi, ondan yana tam bir bloklama!
«Karvan» 69-cu dəqiqədə hesabı açmasaydı, bəlkə də «Turan»ın bəxti də üzünə gülməyəcəkdi. İki dəqiqə sonra Alexandro Serrano status-kvonu bərpa etdi, arxasınca da Roberto Olabe qələbə topunu vurdu.
Cərimə meydançası önündən qapıya iki zərbə endirdilər, ikisi də qol oldu. Burada hansısa kollektiv əzmkarlıqdan, qızışmaqdan danışmağa dəyməz.
Gərək oyun göstərəsən, epizodları sıralayasan ki, bunları da onun içində qeyd edəsən. Yenə ortada futbol-had yox, amma nəticə var.
Bəndənizə artıq elə gəlir ki, Tanrı Berdiyevin dodaqaltı dualarını, yalvarışlarını daha tez eşidir.
Başqa cür ola bilməz, bu nəticələr yalnız Allahın işidir.
ELNUR

