
“Turan Tovuz” ən ağıllı addımı Alexandro Serranonu geri qaytarmaqla atdı.
Ötən mövsüm başa çatan kimi komandanı tərk edən ispaniyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında vida paylaşımı etmişdi.
Niyyəti başqa ölkədə top qovmaq və daha çox pul qazanmaq idi.
Gözlədi, axtardı, danışıq apardı, 3 aydan sonra Tovuz klubuna qayıtdı. Və son matçlarda sərgilədiyi oyunla komandasının turnir cədvəlinə liderlik etməsinin əsas səbəbkarlardan biridir.
Serrano Sportinfo.az-a açıqlamasında qərb təmsilçisinə qayıdışının kökündə nəyin dayandığını deyib:
“Ötən mövsüm başa çatandan sonra müxtəlif təkliflər almışdım. Agentim həm Azərbaycanın, həm də başqa ölkələrin klubları ilə danışıq aparırdı və məni məlumatlandırırdı.
Həmin ərəfədə “Turan Tovuz”dan özümə hədsiz maraq görürdüm. Klub rəsmisi Səməd Nəsibovla az qala hər gün danışırdıq.
Baş məşqçimizin xidmətimdə maraqlı olduğunu hiss edirdim.
Açıq deyim, yayboyu “Turan Tovuz”dan özümə qarşı daha çox istək və həvəs gördüm. Odur ki, bu gün buradayam”.
2023-cü ildən bölgə təmsilçisinin uğurları üçün tər tökən Aleks ləqəbli futbolçu bütün yarışlarda meydana çıxdığı 79 matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB