
«Turan Tovuz»un futbol akademiyası 2 ildən artıqdır ki, diqqətdən kənarda qalıb.
Bu barədə Tovuz klubundan redaksiyamıza müraciət daxil olub.
Saytımızla əlaqə saxlayan yerli məşqçilərdən biri rəhbərlikdən şikayətlənib.
Bildirib ki, İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün diqqətini əsas komandaya yönəldib və 2023-cü ilin ikinci yarısında verdiyi bütün vədləri unudub.
Belə ki, iş adamı «Turan»ı himayəsinə götürdüyü vaxt uşaq futboluna böyük qayğı ilə yanaşacaqlarını, Tovuzda bunun üçün hər cür potensial olduğunu söyləyib, fəqət, indi bunların heç biri yadına düşmür:
«Üçüncü mövsümdür ki, akademiya köhnə pal-paltarın içində qalıb. Neçə vaxtdır bizə deyirlər ki, geyim dəstlərini sifariş etmişik, yoldadır.
Keçən həftə də maraqlandıq, dedilər ki, formalar gəlib, paylanacaq. Hələ üzünü görməmişik.
Əli Balakişiyev (İdarə Heyətinin sədrinin sabiq müavini) burada olanda, heç olmasa, arabir sözümüzü ona deyirdik.
Əli müəllim akademiyaya bacardığı qədər köməklik göstərirdi. O kişi gedəndən sonra Eltay Aslanovun ümidinə qalmışıq.
Bu adam rəhbərlikdən çəkinir. Onlara heç bir xahişimizi çatdırmır.
«Turan»da «Sportinfo»nu hamı oxuyur. Bilirik ki, siz bu problemləri işıqlandırsaz, rəhbərlik əl-ayağa düşəcək.
Klub yalnız əsas komandadan ibarət deyil axı. Akademiyada neçə yaş qrupu üzrə komanda, nə qədər uşaq var.
Bəs onlarla heç kim maraqlanmamalıdır? Ehtiram müəllimin çox şeydən xəbəri yoxdur.
Bəlkə də elə fikirləşir ki, akademiyada bütün işlər qaydasında gedir. Kaş bircə dəfə burada işləyənlərlə görüşərdi, soruşardı ki, nə prorblemləriniz var, nə kömək edək?
İnanın, bu boyda «Turan»da kateqoriyalı məşqçilərin sayı barmaqla sayılacaq qədər azdır. Nadir Nəbiyev klubda işləyəndə məşqçiləri kursa göndərirdi, AFFA-dan bizim xahişimizi edirdi.
Gəlin, aşağı yaş qruplarında işləyən məşqçilərin sənədlərini bir-bir qaldırın, görəcəksiz ki, çoxunun kateqoriyasının yoxdur.
Hamımız bu rayona bağlı adamlarıq, üz-üzdən utanır, deyə bilmirik ki, sənin savadın azdır, mənim savadım çox. Bizi gərək istiqamətləndirən olsun.
Sizdən xahişim budur ki, «Turan»a daha çox yer ayırasız, problemlərimizi ictimailəşdirəsiz. Ümid yerimiz yalnız sizin saytdır.
Qoy, Ehtiram müləlim də bilsin ki, ətrafı çox şeyi ondan gizlədir».
SPORTİNFO.AZ