«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyevin xidmətindən imtina etdiyi oyunçuların siyahısına yeni ad əlavə olunub.
Rusiyalı çalışdırıcı Fərid Yusiflini daha düşərgədə görmək istəmədiyi barədə rəhbərliyi məlumatlandırıb.
«Baba» ləqəbli mütəxəssis «Neftçi»nin yetirməsi olan yarımmüdafiəçinin icarəyə verilməsini lazım bilib. O, müqaviləsi gələn ilin yayında bitəcək 24 yaşlı orta sahə oyunçusunun rəqabətə dözmədiyi qənaətindədir.
Premyer Liqanın bürünc medalçısı bu yay hələlik 4 nəfərlə vidalaşıb. Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı, və Sergey Samok qərb təmsilçisinə lazım olmayıb.
"Turan Tovuz" iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.
SPORTİNFO.AZ

