Premyer Liqada 3 yerə 6 namizəd - Ehtimallar nə deyir?

8 Aprel 16:00 Turan 1 583
Premyer Liqada 3 yerə 6 namizəd - Ehtimallar nə deyir?

"Qarabağ" çempionluğunu sona 8 tur qalmış rəsmiləşdirdisə, avrokuboklara gedəcəyi daha öncədən məlum idi.

İndi hər kəsi düşündürən yayda ölkəmizi Avropada təmsil edəcək digər 3 xoşbəxtin kimliyidir.

3 yerə 6 namizəd var.

Söhbət "Neftçi", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail" və "Turan Tovuz"dan gedir.

Bu klublar arasında ən böyük xal fərqi 7-yə bərabərdir.

Sona 7 tur qaldığını nəzərə alsaq, bunu elə də ciddi fərq saymaq olmaz.

Amma daha şanslı klub haqqında bəhs edə bilərik.

Bu, "Turan Tovuz" komandasıdır.

Düzdü, əksəriyyət ilk olaraq "Sabah" və "Neftçi"nin adlarını çəkir.

Təbii ki, adıçəkilən klublar büdcəsinə, heyətinə, təcrübəsinə görə bir addım öndə sayıla bilər.

Lakin faktiki durum başqa şeydən xəbər verir.

"Neftçi" yalnız oyunçuların fərdi ustalığı hesabına bu qədər xal toplaya bilib. Yoxsa çoxdan ilk dördlükdən qopmuşdu.

"Sabah" Renduliçlə tanışmaq, axtarış mərhələsindədir. Belə period bəzən həftələrlə uzana bilir.

Digər rəqiblərdən danışası olsaq, "Zirə"də stabillik çatmır. "Qartallar" bir oyun ümid verir, digər matçda həmin ümidləri dəfn edir.

"Sumqayıt" kasad heyətin əziyyətini qarşıdakı turlar mütləq çəkəcək. Hələki Samir Abasov kollektivi böyük çətinlik bahasına ayaqda saxlaya bilir.

"Səbail"də də qeyri-stabil çıxış diqqətdən qaçmır. Hələ də Ağabala Ramazanov, David Qomis kimi adların yeri hər oyun görünür.

"Turan"la bağlı isə yuxarıda sadalanan problemlər yoxdur. Ayxan Abbasov stabil oyun dəst-xəttini cilalaya bilib. Buna bir də doğma publika önündə qarşısıalınmaz olmalarını əlavə edə bilərik. Ötən mövsümdən fərqli olaraq, bu il Tovuzdan qələbə ilə qayıtmaq hər rəqibin bacara biləcəyi iş deyil.

Qışda sonra "Turan"ın yaşadığı şanssız oyunlar olmasaydı, bu günü minimum 4-5 xal üstünlüklə ikinci pillədə taxt qura bilmişdi.

Şans demişkən, qərb təmsilçisinə mane olsa-olsa bəxtsizlik mane ola bilər.

Əks halda, məqsədi Premyer Liqada yerini qorumaq olan klubu yayda avrokuboklarda izləyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti