“Sumqayıt”dan ayrılan Saşa İliçin işsiz günləri çox çəkməyib.
Serbiyalı mütəxəssis baş məşqçi fəaliyyətini vətənində davam etdirəcək.
48 yaşlı çalışdırıcı Serbiyanın köklü klublarından olan “Partizan”la anlaşıb.
O, futbolçu kimi 17 il formasını geyindiyi Belqrad təmsilçisinin nəticələrinə bundan sonra baş məşqçi kimi cavabdehlik daşıyacaq.
Klubun sosial şəbəkə hesablarında İliçin təyinatı ilə bağlı edilən paylaşımlara izləyicilər müxtəlif səpkili şərhlər yazıb. Saşanın gəlişinə sevinənlər olduğu kimi, onun burada uğursuzluğa düçar olacağını təxmin edənlər də az deyil.
Rəylərin müəyyən qismini təqdim edirik:
“Bundan sonrası bizdən asılıdır. Onu necə qəbul edəcəyik və nə qədər səbr edəcəyik. Ümid edək ki, “Partizan” üçün faydalı olacaq”.
“O, “Partizan”ı sevən əsl əfsanədir. Bir-iki məğlubiyyətə görə onu göydən yerə vurmaq lazım deyil. Dəstək verək, kömək edək və inanaq”.
“Komandanı pis günə qoymasa yaxşıdır. “Partizan”ın kənd futbolu oynamayacağına və növbəti mövsümdə 2-ci liqada olmayacağına inanmaq istəyirəm”.
“Saşa “Partizan”ın əfsanəsidir. Təəssüf ki, qısa zamanda imicini ləkələyəcək”.
“Əminəm ki, Saşa klubdakı vəziyyətdən xəbərsizdir. Yarım ildən sonra ona qapını göstərəcəklər”.
“Bura yalnız pul dalınca gələn “mütəxəssilər”dənsə, Saşa ən doğru seçimdir. Uğurlar, Sale”.
“Evinə qayıdışın mübariək, kapitan! Sənə böyük ümidlər bəsləyirik”.
“Başa düşmürəm, siz nəyə sevinirsiniz? Saşa məşqçi kimi uğurlu nəticəyə nail olmayıb. Futbolçu kimi topladığı imici məşqçilik sənətində xərcləyir. “Partizan”ı da məhv edəcək, ondan sonra heç kimə lazım olmayacaq”.
Maraq üçün bildirək ki, “Sumqayıt” ötən mövsüm Saşa İliçin rəhbərliyi altında Premyer Liqanı 12 komanda arasında 7-ci pillədə başa vurub, Azərbaycan kubokunda 1 /4 final mərhələsində “ilişib”.
HƏBİB / SPORTİNFO.AZ

