«Mənim bu posta nə vaxt təsdiq olunacağım hələ də bilinmir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın funksioneri Ceyhun Sultanov deyib.
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun təşəbbüsü ilə klubun başına gətirilən tanınmış futbol adamı onun imzasıyla bütün sənədlərin hazırlanaraq Ədliyyə Nazirliyinə göndərildiyini, lakin aradan keçən 2 ay ərzində rəsmi təsdiq məktubu almadıqlarını bildirib.
O, yenə də gözləmə mövqeyi tutduqlarını söyləyib:
«Cavabı gözləyirik. Nə vaxt klubun prezidenti postuna təsdiqlənəcəmsə, onda da rəsmən işə başlayacam.
Ümid edirəm ki, məsələ tezliklə öz müsbət həllini tapar».
Muxtar Respublika təmsilçisinə 2023-cü ilin yayından 2025-ci ilin dekabrınadək Ramin Axundov rəhbərlik edib. Zaur Axundovun qardaşı bir neçə aydır ki, ölkədə yoxdur.

