“Sumqayıt” yeni mövsümə yeni çalışdırıcı ilə başlayacaq.
"Kimyaçılar”ın “sükanı” yenə əcnəbi baş məşqçiyə tapşırılacaq.
Buna səbəb Saşa İliçin tutduğu postdan ayrılmasıdır. Daha doğrusu, klubla serbiyalı mütəxəssisin arasında ötən yayda bağlanmış 1 illik müqavilənin müddəti başa çatıb.
Vaxtilə futbolçu kimi “Qalatasaray”ın şərəfini qorumuş İliçlə klub rəhbərliyi arasında fikir ayrılığının yaranması anlaşmanın müddətinin uzadılmamasına səbəb olub
Baş məşqçi avrokuboklara vəsiqəsiz qalmaqda heyətin yetərsizliyini və ayrı-ayrı futbolçuların kobud səhvlərini əsas gətirib, başbilənlər isə hədəfdən kənar qalmağı səbəb kimi göstərib.
Məşqçilik karyerasının 11 ayını Azərbaycanda keçirən 48 yaşlı mütəxəssis sosial şəbəkə hesabında “Sumqayıt”dan ayrılmasının anonsunu verərək bu sözləri yazıb:
“Mövsümü “Sumqayıt”la başa vurduq. Mənə göstərilən etibara və yaradılan imkana görə minnətdaram.
Kluba və işçi heyətinə təşəkkür edirəm. Özümüzlə unudulmaz xatirələr aparırıq”.
Premyer Liqanı 41 xalla 7-ci pillədə başa vuran “Sumqayıt” Saşa İliçin rəhbərliyi altında meydana çıxdığı 33 oyunda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 16 görüşü məğlub başa vurub.
HƏBİB / SPORTİNFO.AZ

