"Sumqayıt" minifutbol komandası fəaliyyətini dayandırıb.
Səbəb maliyyə problemidir.
Klubun təsisçisi Nicat Ələskərov 8 ildi yükün əsas hissəsini öz çiyinlərində daşıyır.
Məhdud büdcə, kasad heyətlə bu mövsüm tarixinin ən böyükü uğuruna imza ataraq Avropa Liqasına vəsiqə qazanılıb.
Və belə məqamda klub dağılır.
Futbolçuların, onların oyunlarını daim izləyən azarkeşlərin nələr yaşadığını özünüz təsəvvür edin.
Acınacaqlı mənzərədir.
Bilmirsən güləsən, yoxsa ağlayasan.
ŞşBöyük futboldan fərqli olaraq minifutbolda bir klubun ayaqda qalması üçün böyük maliyyə də tələb olunmur.
Hətta müqayisədə çox cüzi məbləğ olduğunu deyə bilərik.
Bunun fonunda yarım milyonluq şəhərdə bir nəfər tapılmır ki, kluba dəstək olsun.
Başqa vaxt hamı şəhər təəssübkeşi olur.
Amma dildə...
Əmələ gələndə hər kəs yaxasını kənara çəkir.
Kiminsə "Sumqayıt" klubuna pul ayırmaq öhdəliyi yoxdur.
Bəs mənəvi borc?
Sinəsini qabağa verəcək gücdə olan iş adamları səssizliyə üstünlük verir.
Şəhər rəhbərliyi ön plana çıxa bilər. Onlardan da bir xəbər-ətər yoxdur.
Niyə?
Təəssüf ki, şəhərin minifutbol komandasına Premyer Liqadakı təmsilçisi də biganə yanaşır.
Bu mövsüm "Sumqayıt" klubu Peşəkar Futbol Liqasına 13 legioner sifariş edib.
Ən aşağı maaş alan əcnəbinin bir aylıq xərcini minifutbol komandasına ayırmaq böyük problem olmamalıdır.
Əksinə, prezident Riad Rəfiyevə baş ucalığı gətirər.
Rəfiyevdən söz düşmüşkən, tez-tez onun ünvanına "Getsəydi, klub inkişaf edərdi" iradları səslənir.
Kiminlə?
Yarım milyonluq şəhər bir minifutbol komandasına yiyə dura bilmirsə, böyük futbol komandasına yaxın gedə bilməz.
Görünən odur ki, yenə yük Azərbaycan Minifutbol Federasiyasının (AMF) üzərinə düşəcək.
AMF onsuz da böyük işlər görür.
Liqanı təşkil edir, piarını aparır, bəzən klublara sponsor tapır, birbaşa özü maliyyə dəstəyi göstərir.
Ümid edək ki, federasiya "Sumqayıt" komandasının aqibətinə də biganə qalmayacaq.
Avrokuboklarda ölkəmizi təmsil etməli olan kollektivin dağılmasına imkan vermək olmaz.
XANOĞLAN / SPORTİNFO.AZ

