Doğru baş məşqçi tapsalar, 3-4 transfer etsələr, bu komanda gül qoxuyacaq

15:00 Sumqayıt 214
Doğru baş məşqçi tapsalar, 3-4 transfer etsələr, bu komanda gül qoxuyacaq

Premyer Liqanın axır həftələrində «Sumqayıt»ın qayıdışını görürük.

İndi daha tez-tez qələbə qazanırlar.

Otuzuncu hesabat həftəsində «Araz-Naxçıvan»a avtoqolla qalib gələrək, turnir cədvəlində onlarla yerdəyişmə etdilər, altıncı pilləyə yüksəldilər.

Amma nə olsun, söhbət bağlanıb, avrokuboklara aparan qatar çoxdan vağzalı tərk edib. Bütün bunların heç bir mənası yoxdur artıq.

Bilmirəm «Sumqayıt»ın ali şəxsləri son oyunlara görə futbolçulara yenə mükafat verir, ya yox, məncə, dəyməz.

Mövsümü ilk «altılıq»da bitirdin, ya bitirmədin, harasa çıxış şansı qalmayıbsa, əlavə pul xərcləmək heyifdir. Büdcədə vəsait varsa, onu gələn mövsüm üçün qoruyub saxlamaq gərəkdir.

«Sumqayıt»a yaxşı baş məşqçi tələb olunur. Day Saşa İliç kimi yarımçıq biri yox.

Özünü futbolçulara sevdirə və qəbul etdirə bilməyən serbiyalının yerinə normal savadlı və işküzar namizəd tapılsa, «Sumqayıt»ın mövcud heyətiylə belə, qarşıdakı sezonda uğurlu nəticələr qazanması mümkündür.

Üç-dörd transfer eləsələr, ümumiyyətlə, bu komanda liderlər qrupuna vəlvələ salar, iki istiqamətdən birində - ya liqa, ya kubok yoluyla qitə arenasına vəsiqə qazanar.

Yenə deyirəm, hər şey yeni baş məşqçinin kimliyindən asılıdır. Doğru seçim etsələr, «Sumqayıt» gül qoxuyacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti