Deyəsən, bu mövsümün iki aşkar "qurban"ı var - Biri "Neftçi", digəri "Sumqayıt".
"Ağ qaralar" barədə çox danışılıb/danışmışıq. Flaqmanın başına gətirilənlərdən hər kəs xəbərdardır. Vernidub dirəniş göstərdi, təslim olmadı. Nə qədər çətin olsa da komandanı 4-cü pilləyə qaldıra bildi. Məsələn, ən son Zirədə "Neftçi"nin haqqı yeyilməsəydi bu gün "qartallar"la arada xal fərqi bir yox, dördə bərabər idi. Sona 4 tur qalmış kifayət qədər yaxşı üstünlük sayıla bilər. Hələ mövsümün əvvəlindəki "Turan Tovuz"la oyunda verilən yanlış qırmızı vərəqə, verilməyən penallar və digər oyunlardakı hakim hoqqalarından danışmıram. Bir sözlə, bütün maneələrə rəğmən "Neftçi" dirəniş göstərir. Olduğu yerdə qalmaq şansı da "Qarabağ" üzərində qələbədən sonra bir xeyli artıb. Amma azarkeşləri sevinməyə tələsməsin. "Zirə" ölkə kubokunun finalında "Sabah"a qalib gələ bilər.
Gələk digər qurbana...
Bu mövsüm "Sumqayıt"ı ən çox tənqid edənlərdən olmuşam. Saşa İliç "bismillah" eləməmiş təyinatına görə rəhbərliyi asıb-kəsirdim.
Amma insaflı, ədalətli olmaq lazımdır.
Serbiyalı pis komanda formalaşdırmadı, pis də futbol oynatmadı.
Xüsusilə mövsümün birinci yarısında. Bir çox yerli mütəxəssislərlə söhbətlərdə də eşitdiyim eyni şey olurdu - çempionatda məşqçi işi görünən komandalardan biri "Sumqayıt"dır.
Bu gün Vernidub və Dambrauskas kimi Saşadan da ağızdolusu danışıla bilərdik.
Əgər 9 oyunluq "qara zolaq" yaşanmasaydı.
Ən azı avrokuboklar mübarizəsində sona qədər qala bilsəydi.
Bu gün "kimyaçılar" 38 xalla 7-ci pillədə qərarlaşıb.
4-cü sıradan 9 xal geri qalan komandanın avrokuboklar şansı bitib demək olar.
Bunda Saşa İliçin günahı az deyil.
Həmin "qara zolaq"da "Şamaxı"ya məğlub olan, liqada qalmaq uğurunda mübarizə aparan "Kəpəz"ə darmadağın olan, "Qəbələ" və "Karvan-Yevlax"la matçlarda xalla itirəndə də baş məşqçi Saşa İliç idi.
Dördüncü pillədən cəmi 4 xal geridə olduğu halda Yevlaxda "Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq" kimi yersiz, mənasız açıqlamanı verən də.
Amma bu gün "Sumqayıt"ın avrokuboklar zonasından uzaq qalmasının bir nömrəli günahkarı Saşa İliç yox, hakimlərdir.
Ən son "Kəpəz"lə oyunda "Sumqayıt"ın qapısına verilən penal nədir?
Belə penal olur? FİFA-nın oyun qaydalarında açıq yazılıb ki, bədəndən sıçrayıb ələ dəyən topa penal verilmir. Bunu bilən Əli Əliyev epizodun üzərindən keçir. Lakin VAR-da oturan Elvin Bayramov referini VAR-a dəvət edib, penal verməsinə yol açır.
Bayramov VAR-da olduğu başqa bir oyunda da buna bənzər xətası ilə yadda qalıb. Niyə?
Bəli, ikinci penal təmiz idi. Qaydalara uyğun olaraq əl bədəni genişləndirir, çiyinlərdən yuxarıdadır. Əvvəlki qaydalarda sarı vərəqə, penal idisə, yeni qaydalarda sarı vərəqəsiz penaldır. İkinci penalda epzioda 100%-lik düzgün qiymət verən hakimlər briqadası birinci penalda məgər qaydaları bilmirdi? Buna necə qərəz adı verməyəsən?
"Sumqayıt"a qarşı haqsızlıq tək bu oyunla yekunlaşmır.
14-cü turda "İmişli" ilə görüşdə Əliyar Ağayev 99-cu dəqiqədə "Sumqayıt"ın qapısına penal vermişdi. Matçdan sonra hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın səhv olduğunu açıqladı. "Kimyaçılar"ın bəxti onda gətirmişdi ki, 1:0 öndə olduğu həmin anda İbrahim Əliyev penalı dəqiq yerinə yetirməmişdi.
"Sumqayıt" mövsümdə ən yaxşı oyunlarından birini evdə "Qarabağ"a 2:4 uduzduğu matçda keçirib.
Həmin görüşdə isə hesab 1:2 olanda baş hakim Fərid Hacıyev haqsız yerə Rayan Senhadjini qırmızı vərəqə ilə meydandan qovmuşdu.
20-ci turda "Araz-Naxçıvan"la görüşdə Elçin Məsiyev Masaki Murataya qarşı qayda pozuntusuna görə "Araz"ın qapısına verdiyi penalı VAR-a baxaraq ləğv etmişdi. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov çıxıb açıqlamışdı ki, penalın verilməsi qərarı doğru idi.
74-cü dəqiqədə qırmızı vərəqə alan Aleksandr Ramalinqom təcavüzkar davranışa görə 3 oyunluq cəza aldı. Elə həmin turda təcavüzkar davranışa görə qırmızı vərəqə alan Kadi Borqesə isə 2 oyunluq cəza verildi. Düzdü, Kadiyə verilən qırmızı vərəqənin özü kökündən səhv idi. Amma protokolda hər iki qırmızı vərəqənin səbəbi təcavüzkar davranış göstərilirsə, niyə birinə 2, digərinə 3 oyun cəza verilir?
Ramalinqomun "Sumqayıt"ın yeganə hücumçusu olduğunu xatırladaq.
"Sumqayıt" həmin oyunu 0:1 uduzdu. Elə qara günlər də həmin görüşlə başladı. Verilən qərarlar təkcə həmin görüşə yox, gələcək oyunlara birbaşa təsir etdi. Halal penalın vurub, 3 xalı qazanan "Sumqayıt"ın növbəti 3 görüşdə "Kəpəz"ə uduzub, "Karvan-Yevlax" və "Qəbələ" ilə bərabərlik etməmək şansı daha yüksək olacaqdı.
"Neftçi" ilə oyunda isə hesab 0:0 olanda VAR-a çağırılan Kamal Umudlu "Sumqayıt"ın qapısına penal verdi. Rəhim Həsənov çıxıb açıqladı ki, penal qərarı səhvdir.
Saşa İliçə "Şamaxı" ilə görüşdən sonra verilən 4 oyunluq cəzanın özü də ağır idi.
Hələ yadımda qalanları bunlardı. Qurdalasaq daha çox şey ortaya çıxacaq. Təkcə "Kəpəz" və "Araz"la oyunlarda "Sumqayıt"ın 6 xalı yeyilməsəydi bu gün komanda 44 xalla 5-ci sıradakı "Zirə"dən cəmi 2 xal, 4-cü pillədəki "Neftçi"dən 3 xal geri qalırdı.
Yenə deyirəm "Araz"la oyundakı məğlubiyyət olmasaydı, digər oyunlarda "Sumqayıt"da motivasiya tam başqa olacaqdı. Daha çox xallar yığıla bilərdi.
Bu cür aşkar səhvlərə, ikili münasibətlərə nə ad verəsən?
Cəmi 2 mövsüm öncə "Sumqayıt" avrokuboklara gedəndə "hakimlər Riad Rəfiyevin dostudur" yazanlar az deyildi.
Noldu indi düşmən olublar? Elə həmin hakimlər deyilmi? Kömək etməkləri cəhənnəm, Rəfiyevin komandasını əzirlər.
Əgər şəxslərə görə, adlara görə ədalət prinsipləri formalaşdırırıqsa, ədalətsizin ən böyüyü özümüzük.
Söhbət "Neftçi"yə, "Sabah"a, "Qarabağ"a gələndə siyasətçilər də yazır, manıslar da etiraz edir. Axı həyatda da pullu adamların ətrafı geniş olur.
Yuxarıdakı adıçəkilən klublarla müqayisədə kasıb olan "Sumqayıt" çapda komandaların haqqı yeyiləndə isə əksəriyyət üzərindən sükutla keçir.
Bilməyənlər üçün xatırladım ki, legioner limitinin ləğv edilməsinə rəğmən bu mövsüm ən çox yetirməsinə oynamaq imkanı verən 2 klubdan biri "Sumqayıt"dır. "Kəpəz"lə son oyunun start heyətində klubun 4 yetirməsi yer alırdı. Heç olmasa o uşaqlardan utanın.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

