"Sumqayıt" ardıcıl iki oyunda qələbə qazanır.
Evdə "Qəbələ"ni məğlub edən "kimyaçılar" ardınca səfərdə "İmişli"ni xalsız qoymağı bacardı.
Sona 4 tur qalır.
Avrokuboklara vəsiqə qazanmaq mümkünsüz görünür.
Artıq indidən yeni mövsümün planlarını cızmaq olar.
Qubada bəndənizin baş məşqçi Saşa İliçə bu yöndə ünvanladığı sualdan serbiyalı yayınmışdı.
Amma əldə etdiyimiz məlumata görə, əcnəbi çalışdırıcı ilə yayda yollar ayrılacaq.
"Sumqayıt" yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq.
Nəinki ardıcıl son 2 qələbə, hətta qarşıdakı 4 görüşdə də uğurlu nəticələr olsa belə İliçlə bağlı qərar dəyişməyəcək.
Nə rəhbərlik onun qalmasında, nə də 48 yaşlı mütəxəssis buradakı işinə davam etməkdə maraqlı deyil.
XANOĞLAN / SPORTİNFO.AZ

