Ardıcıl doqquz uğursuz oyunun ardınca iki qələbə - bu, lap toydan sonra çalınan nağaraya bənzəyir.
«Sumqayıt» bu yayı evdə keçirəcək, qitə arenasında tər tökməyəcək. Həftələr öncədən Avropa dəftər-kitabını bağlayıb qoydular rəfin bir küncünə.
«Qəbələ»ni 1:0 udan komandanın Qubada «İmişli»yə iki cavabsız qol vurması xırda hadisədir. Odur ki, 3 xalın üzərində dayanmağa dəyməz. Heç bu 3 xala görə mükafat da düşmür.
Qazancı bu deyil «Sumqayıt»ın. Qazansa varsa, o da Xəyal Fərzullayev və Nihat Əhmədzadə kimi gənclərin özünü yaxşı tərəfdən göstərməsidir.
Ümumiyyətlə, Saşa İliç Qubada Azərbaycan pasportu daşıyan 7 nəfərə forma geyindi. Altısı əsas heyətdə, biri də 90+1-ci dəqiqədə o meydana ayaq basdı.
Baş məşqçidən olsaydı, əvvəlkitək əcnəbilərə üstünlük verərdi. Bilirik ki, serbiyalı rəhbərliyin təzyiqi ilə 180 dərəcə fərqli qərar qəbul edib.
Yenə də gecikiblər. Gənclərə martın ikinci yarısından, uzaqbaşı, aprelin əvvəlindən bəri belə fürsət tanımalıydı. Oynamaq üçün alışıb-yanan cavanları lap sona saxlamağın nə adı var axı. Qoca Ninkoviç kimilərin olmasındansa, Nihatın, Sənanın, Nadirin təcrübə toplaması «Sumqayıt»ın sabahı baxımından daha qiymətlidir.
ELNUR

