"Sumqayıt"ın bu mövsüm çıxışını iki hissəyə bölmək olar.
"Kimyaçılar" qış fasiləsinə kimi çox parlaq təsir bağışladı.
Nəticədə qış fasiləsinə ilk dördlükdə yollanmaq mümkün oldu.
Amma bunun davamını mövsümün ikinci yarısı gətirmək mümkün olmadı.
Sportinfo.az-a açıqlama verən komandanın müdafiəçisi Höccət Haqverdi səbəbini bu cür izah edib:
"Fasilədən sonra komandanın istədiyi nəticələri əldə edə bilməməsinin bir neçə səbəbi var.
Amma ümumilikdə, fikrimcə, cədvəldə bizdən yuxarıda olan komandalar keyfiyyətli və təcrübəli oyunçuların sayına görə bizdən daha üstündürlər və onların daha çox xal toplaması məntiqlidir.
Qış fasiləsindən sonra bir sıra zədəli oyunçularımız var idi və əksər oyunlarda məhdud sayda oyunçu ilə çıxış etdik.
Baş məşqçinin sərəncamında çox oyunçu olmadığı üçün bu, futbolçuların üzərinə böyük təzyiq salır və nəticədə zədələrə, eləcə də keyfiyyətin aşağı düşməsinə səbəb olur.
Əlbəttə, hər kəs bilir ki, komandamızın büdcəsi digər bəzi komandalardan xeyli aşağıdır və bu bəzən ədalətli deyil.
Hər bir halda, biz sonuna qədər mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün əlimizdən gələni edirik".
XANOĞLAN

