Baş məşqçinin futbolçulardan, futbolçuların baş məşqçidən xoşunun gəlmədiyi bir komanda gətirin ağlınıza.
Orada atmosfer necə olar? Daim xaos, daim gərginlik, daim qarşıdurma - əlbəttə ki.
«Sumqayıt» dörd aya yaxındır təlalüm içindədir.
Futbolçu bilir ki, Saşa İliç gedir. Saşa İliç də bilir ki, futbolçu onunla çalışmaqdan xoşlanmır.
Dedikləri onların boğazından keçmir. Doqquz oyunluq qələbəsizlik seriyası bu hadisələrin fonunda gözlənilən haldır.
Başqa səbəbləri köhnə kilimin altına süpürsək belə, elə yuxarıdakı fakt kifayətdir ki, «Sumqayıt»ın avrokuboklar zonasıyla erkən vidalaşmasının təsadüfi olmadığı qənaətinə gələk.
Uğursuz seriya «Qəbələ» ilə qarşılaşmada da davam etməliydi. «Sumqayıt» qələbəni qələbəyə layiq oynayaraq əldə elədi.
«Qəbələ»nin qaçırdığı fürsətlərin yarısı qədər qola yaxın getməyən ev sahibləri şansının çörəyini yedi.
«Bu gün mövsümü başa vurmaq istəyirik, kim razıdır?» - Peşəkar Futbol Liqası belə bir sorğu keçirsə, birinci «Sumqayıt»dən xəbər gələr: «Nə gözəl».
İliçin üzünü görmək artıq buradakılara əzab verir, o üzdən.
KAMİL

