"Bu cür addımlar Azərbaycan futboluna çox faydalıdır"

29 Mart 22:55 Sumqayıt 126
"Bu cür addımlar Azərbaycan futboluna çox faydalıdır"

Uşaq futbolunda məşqçilərin və aşağı yaş qruplarının ölkə xaricində təcrübə qazanması vacib məqamlardan hesab olunur.

Bu sahənin mütəxəssisləri əbəs deyil ki, hər fürsətdə bunu qeyd edir.

Bizim də işimiz kimlərin inkişaf xəttini seçdiyini, kimlərin kənarda qaldığını üzə çıxarmaqdır.

Son illər bu baxımdan "Sabah" və "Qarabağ" akademiyaları xüsusi seçilir.

Hər iki klub tez-tez akademiya komandalarını beynəlxalq turnirlərə göndərir.

Yaxın gələcəkdə "Neftçi" də oxşar addımları çox atıb.

Bu gün isə eyni yanaşmanı "Sumqayıt" klubu ortaya qoyur.

Ötən ildən başlayaraq "kimyaçılar" məşqçilərini təcrübə keçmək üçün xarici klublara göndərir.

Bu cür addımlar yerli mütəxəssislərə nə verir?

Akademiyanın direktoru Hakan Sünal Sportinfo.az-a açıqlamasında suala cavab olaraq vacib məqamlara toxunub:

"Ən son martın əvvəlində təcrübə keçmək üçün U-19 komandasının məşqçisi ilə Belqradda olduq. Çox yaxşı səfər oldu. Təbii ki, akademiya məşqçilərinin xarici klublarda yeni mədəniyyətlə tanış olması önəmlidir. Yeni iş prinsipləri ilə yerində tanış olurlar. Müəyyən detalları götürüb öz akademiyamızda faydalanmağa çalışacağıq".

Hakan bəyi səfər müddətində narazı salan hadisə də yaşanıb.

Bunu onun dilindən eşidək: "Təəssüf ki, dillə bağlı problem yaşadıq. Məsələn, son səfərdə bütün söhbətləri mən tərcümə etmək məcburiyyətində qaldım. Türkiyə xaricində başqa ölkələrdə qarşı tərəfin fikirlərini anlamaq baxımından çətinliklər olur. Bu baxımdan məşqçilərimiz müəyyən qədər ingilis dilini bilsələr yaxşı olar. Onda daha çox təcrübə qazanmış olacaqlar".

Akademiya rəhbəri səfərlərin daimi olacağını sözlərinə əlavə edib:

"Bu səfərlərin davamı mütləq olacaq. İlk imkanda digər məşqçilərin də təcrübə keçməsinə şərait yaradılacaq. Xaricə getmədən də məşqçilərə təcrübə qazandırmaq mümkündür. Bu məqsədlər məşqçilərimizi onlayn seminarlara cəlb edirik. Qısası, xaricə getmələri əladır, amma bir az dil bilsələr daha gözəl olar".

"Sumqayıt" akademiyasında məşqçilərlə bərabər aşağı yaş qruplarının da beynəlxalq təcrübə qazanmasına şərait yaradılır.

U-11 komandası 25-29 mart tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən “Lions Cup: Dordoi Trophy 2” beynəlxalq turnirində iştirak edib.

Gələn ay isə U-15 komandasının Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior Word Cup" beynəlxalq turnirində iştirakı nəzərədə tutulub.

45 yaşlı təcrübəli mütəxəssis beynəlxalq turnirlərin uşaqlar üçün əhəmiyyətinin böyük olduğunu qeyd edib:

"Bu yaşda beynəlxalq turnirlərdə iştirak etmək uşaqlara böyük üstünlükdür. Çünki Azərbaycanda çox az turnir təşkil olunur. Tunir elədir ki, qısa müddətdə nəticə göstərmək lazım gəlir. Bu da təzyiq göstərmək sayılır. Qarşılaşmalar daha həyəcanlı olur. Eyni rəqiblərə qarşı yox, fərqli komandalarla üz-üzə gəlmək fürsəti olur.

U-11 Bişkekdə turnirə qatıldı. Təəssüf ki, U-14 komandamızın Antalya turniri təxirə salındı. Oradakı böyük turnir idi.

Bu cür səfərlər Azərbaycan futboluna çox faydalıdır".

Uşaqlara ingilis dili dərsləri təşkil edirik. Bu da ölkə xaricində olanda işimizi bir xeyli asanlaşdırır. İki il öncə Qətərdə olanda uşaqların dil bilməsi çox fayda verdi".

"Sumqayıt" rəhbərliyinin bu cür addımları təqdirəlayiqdir.

Ümid edək ki, atılan addımlar müvəqqəti yox, ənənə halına çevriləcək.

Və hədəfləri böyük, imkanları geniş olan digər klublarımızın rəhbərləri də "Sumqayıt"dan örnək götürəcək.

Hər şey avrokuboklara getmək deyil.

Avrokuboklara vəsiqə qazanmaq daha çox rəhbərlərin özünə xidmətdir.

Ölkə futboluna, azərbaycanlı balalara xidmət isə akademiyalardan başlayır.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti