Ötən yay Səbuhi Abdullazadənin "Sumqayıt"da qalması asan başa gəlməmişdi.
"Kimyaçılar"ın yetirməsi yeni müqavilə təklifinə uzun müddət isti yanaşmadı.
Yalnız maaşı artırılandan, kapitanlıq sarğısı ona təklif ediləndən sonra qalmağa qərar verdi.
Məqsəd şəhərin ruhunu kollektivdə hiss etdirmək idi.
Ki, Abdullazadə bir sumqayıtlılı kimi sarğı qolunda yetirməsi olduğu komandanı arxasınca uğura daşıyar.
Amma arxada qalan 25 tur peşmançılıqdan başqa heç nə vermədi.
Sumqayıt təmsilçisi xüsusilə qış fasiləsindən sonra özünə bənzəmədi.
Ardıcıl uğursuz oyunlar avrokuboklar şansını puça endirdi.
Autsayderlərlə matçlarda qızıl dəyərində xallar itirildi.
Təbii ki, uğursuzluq da rəhbərdən sıravi işçiyə qədər hər kəsin günahı var.
Amma Səbuhi iki qat günahkardır.
24 yaşlı futbolçu həvalə olunan kapitanlıq yükünün altında qaldı.
Rəhbərliyin etimadını doğrulda bilmədi.
Yoldaşlarını arxasınca aparmaq əvəzinə, özü geridə qaldı.
Daha güclü Səbuhi bir kənara, ötənilki Səbuhini belə meydanda görə bilmədik.
Əbəs deyil ki, milli komandaya da dəvət olunmadı.
Axı kapitanlıq sarğısı, iki illik müqavilə və yüksək əməkhaqqının qarşığılığı bu olmalı deyildi.
XANOĞLAN / SPORTİNFO.AZ

