Qışda lazım olan transferləri edə bilmədik.
Saşa İliçin son zamanlar ən çox işlətdiyi ifadədir.
Dayanmır, dönə-dönə səsləndirir.
Bəli, qış fasiləsindən sonra "Sumqayıt"ın düşərgəsində bir xaos yaşanır.
Hə, ola bilər ki, serbiyalının istəkləri klub rəhbərliyi tərəfindən qarşılanmayıb.
Amma dərin böhranın arxasında tək bu səbəbmi durur?
Təbii ki, yox.
"Kimyaçılar" qış fasiləsindən sonra elə oyunlarda xallar itirib ki...
Kollektiv "Kəpəz" önündə darmadağın olub - 0:3.
Liqanın ən az büdcəsinə sahib "Şamaxı"ya evdə uduzub.
Liqanın sonuncusu və 11-cisi ilə görüşlərdə yalnız 1 xal qazana bilib.
Bəs bunun adını nə qoyaq?
Axı büdcə, heyət, keyfiyyət və digər resurslar birmənalı şəkildə yuxarıdakı rəqibləri məğlub etməyə imkan verir.
Təsadüf bir olar, ya da iki.
4 matçda fiasko yaşanırsa, bunun arxasında həm də İliçin və yetirmələrinin bacarıqsızlığı durur.
O, hər vəchlə özünü aydan arı, sudan duru göstərə bilər.
Gördüyünüz kimi, təqdim etdiyimiz mənzərə başqa şeydən xəbər verir.
XANOĞLAN / SPORTİNFO.AZ

