Premyer Liqada qələbəsizlik seriyası doqquza çatdı «Sumqayıt»da.
Növbəti məğlubiyyəti də dünən aldılar «Şamaxı»dan.
Bu mövsüm də belə getdi. Dünənki günə qədər bir balaca şansları qalırdısa avrokuboklara vəsiqə qazanmağa, indi bundan da danışmaq yersizdir.
Saşa İliçə dəyib-dolaşmasalar, yəni ki, vəzifəsindən uzaqlaşdırıb eləməsələr, komanda mövsümü turnir cədvəlinin ikinci «altılığ»ında tamamlayacaq.
«Sumqayıt»da o işıq qalmayıb ta. Heç nə ümid vermir. Nə baş məşqçi, nə futbolçular, nə də azarkeşlər.
Saşa İliç böyük oyunçu olub, bəlli bir karyerası var, bunu heç kimi mübahisələndirmir. Lakin o, bir məşqçi kimi çox kiçik biridir.
«Sumqayıt» rəhbərliyi ağıllı iş görüb ki, İliçlə uzunmüddətli müqavilə imzalamayıb. Serbiyalı mütəxəssis, onsuz da öyrəşib: indiyədək harada işləyibsə, 1 ildən artıq qalmayıb, qala bilməyib, göndərilib.
Ötən həftələrlə müqayisədə, «Sumqayıt» sonuncu qarşılaşmada o qədər də pis təsir bağışlamadı. Nisbətən hərəkətli idilər, toplu halda irəli getməyə, rəqibin cərimə meydançasına daxil olmağa çəkinmədilər.
Fərqlənə biləcəkləri epizodlar da az deyildi, sadəcə, top toru, tor da topu tapmadı.
İliç qələbə qazana bilməməklərinin səbəbini bilmədiyini deyib. Amma deyəsən, bunu ondan başqa hamımız bilirik.
Gündəlik məşq prosesinə etinasız yanaşdığı, kənarda dayanıb siqaret çəkməyə üstünlük verdiyi, münasibətlərdə yumşaq davrandığı üçün «Sumqayıt» belə çöküşdədir.
ELXAN

