“Sumqayıt“ Saşa İliçlə müqaviləni uzatmayacaq.
Klub rəhbərliyi bu konteksdə mövqeyi ilə baş məşqçini məlumatlandırıb.
Serbiyalı mütəxəssisin diqqətinə çatdırılıb ki, onun fəaliyyəti uğurlu sayılmadığından, işbirliyi iyunda bitəcək. Yəni, İliç həmin vaxtadək buradak qalacaq, ondan sonra isə ölkəsinə dönəcək.
“Sumqayıt“ ötən ilin iyulunda balkanlı çalışdırıcı ilə 1 illik müqavilə imzalayıb.
İliçin baş məşqçi kimi ilk iş yeri “Çukariçki” olub. 2021/22 mövsümünün əvvəlində komandanın başına gətirilib, apreldə qovulub.
Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının sükanı arxasına keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə buradır.
2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanda - “Atromitos”da işləməyə başlayıb.
“Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb.
Nijni-Novqorod təmsilçisi “Pari” ilə müqavilə bağlayıb. “Pari” sezonun sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla premyerliqada yerini itirib.
Ancaq soydaşımız Tufan Sadıxovun sahibi olduğu “Ximki” elitadan qovulduğundan, “Pari” çempionatda qalıb. Bununla belə, klub rəhbərliyi onunla yoluna davam etməyib.
SPORTİNFO.AZ

