"Karvan-Yevlax"la görüşdəki xal itkisindən sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliç bildirib ki, mövsümün qalan 10 turunda akademiyanın yetirmələrinə şans verəcək. Serbiyalı mütəxəssis rəhbərliyin bu cür tapşırıq verdiyini sözlərinə əlavə edib.
Akademiya yetirmələrinə şans verilməsi gözəl təşəbbüsdür.
Onsuz da "kimyaçılar" mövsümün gedişində bunu ən çox edən kollektivlər arasındadır. Az da təqdir etməmişik.
Məsələn, Yevlaxda meydana çıxan akademiya yetirmələri Xəyal Fərzullayev, Səbuhi Abdullazadə, Nadir Orucov, Nihad Əhmədzadə və Sənan Muradlı əvvəlki turlarda da kifayət qədər oyun zamanı alıblar.
"Sumqayıt"ın yaxşı nəticələr qazandığı dönəmdə kollektivin bir parçasına çevrilə biliblər.
Amma durub indi "akademiya gənclərinə üstünlük verəcəyik" demək sonrakı 10 turu yola verəcəyik anlamına gəlir.
Niyə?
Bəs onda sual yaranır ki, bu mövsüm üçün 13 əcnəbi futbolçu niyə sifariş olunub?
Xüsusilə 13-cü legionerə görə 100 min manat rüsum niyə ödənilib?
Niyə yaxşı maaş müqabilində Ukrayna futbolunun yetirmələri Emil Mustafayev, Rüstəm Əhmədzadə heyətə cəlb olunub?
Hələ maaşlarını alan, amma Peşəkar Futbol Liqasına sifariş olunmayan İsa Sülimani və Tresor Mossini demirəm.
Axı bunlarsız da liqada qalmaq, hətta orta sıralarda yer almaq olardı.
Mən də arxada qalan dönəmdə çox qeyd etmişəm ki, bu heyət "Turan", "Sabah", "Qarabağ, "Zirə", "Neftçi", "Araz-Naxçıvan" kimi rəqiblərlə rəqabətdə sona qədər tab gətirməsi çətin görünür. Gedişatda uğurlu zəncirin qırılacağı ehtimal olunurdu.
Və qırıldı da...
Amma "Kəpəz" önündə darmadağın olmalı deyildi.
"Qəbələ", "Kəpəz" və "Karvan-Yevlax" kimi liqada qalmaq üçün mübarizə aparan rəqiblərlə ardıcıl 3 görüşdə 2 xala sevinməli deyildi.
Bax, bunun adı rəzalətdir.
XANOĞLAN / SPORTİNFO.AZ

