“Bu sualın cavabını özümüz də axtarırıq - Vallah, bilmirəm nə deyim”

11:00 Sumqayıt 79
“Bu sualın cavabını özümüz də axtarırıq - Vallah, bilmirəm nə deyim”

Sportinfo.az “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadənin müsahibəsini təqdim edir:

- Misli Premyer Liqasının 23-cü turunda “Karvan-Yevlax”la görüşdə xal itirdiniz. 1:1-lik bərabərliyi necə şərh edərdiniz?

- Çətin oyun alındı. Səfərə qələbə üçün yollanmışdıq. Hesabda da önə keçdik. Lakin son saniyələrdə qapımızda gördüyümüz qol bütün planlarımızı pozdu.

- Qələbə hesabını qorumağınıza, yaxud hesab arasındakı fərqi artırmağınıza nə mane oldu?

- Vallah, bilmirəm nə deyim. Üzərimizdə sanki “qara kölgə” var. İstədiyimiz heç nə alınmır. İki penalti qazandıq. Açığı, mənim vurduğum zərbə yaxşı deyildi, amma qol oldu. İkinci penaltini isə qaçırdıq. Hər şey tərsinə gedir.

- İkinci penaltini siz deyil, Rüstəm Əhmədzadə yerinə yetirdi. Bu, nə ilə əlaqədar idi?

- Özüm istədim ki, o vursun. Çünki ilk penaltini qola çevirsəm də, zərbə istədiyim kimi alınmamışdı.

- Avrokuboklar ümidiniz hələ itməyib?

- Hələ qarşıda oyunlar var. Lakin əvvəl vəziyyət elə idi ki, ancaq öz oyunumuza baxırdıq. İndi isə həm özümüz qələbə qazanmalı, həm də rəqiblərin xal itirməyini gözləməliyik.

- “Sumqayıt” mövsümə yaxşı start versə də, qış fasiləsindən sonra komanda özünə bənzəmir. Nə baş verdi ki, vəziyyət belə dəyişdi?

- Nəsə deməkdə çətinlik çəkirəm. Bu sualın cavabını özümüz də axtarırıq, lakin tapa bilmirik.

- Növbəti tur “Şamaxı” ilə üz-üzə gələcəksiniz. Həmin matçda uğursuz gedişata son qoymaq mümkün olacaq?

- Qələbəyə oynacağıq. Başqa yolumuz yoxdur. Çalışacağıq həmin matçda azarkeşlərimizi sevindirək. Bunun üçün əlimizdən gələni edəcəyik.

- “Şamaxı” ilə son matçınızda baş məşqçilər arasında insident olmuşdu. Həmin məsələ qarşıdakı oyunda prinsipiallığı artıracaq?

- Yox. İnanmıram buna görə prinsipiallıq olsun. Bizim üçün prinsipiallıq odur ki, rəqibin kimliyindən asılı olaraq qələbə qazanaq. Məşqçilər arasındakı insident oldu keçdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti