"Sumqayıt" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün akademiyanın yetirmələrinə şans verməyə çalışdıq. Bu heyətlə də çempionatı davam etdirəcəyik.
- İndiki durumda daha çox təcrübəli futbolçulara şans vermək doğru olmaz?
- Rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin. Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltini də dəyərləndirə bilmədik. Oyundan narazıyam.
- Dediz ki, bu heyətlə davam edəcəyik. Amma bu heyət autsayderlə bacarmır. Sizin üçün çətin olmayacaq?
- Baxacağıq. Gənc futbolçular oyun təcrübəsi qazanandan sonra dəyişikliklər olacaq.
- Klub strategiyanı dəyişir?
- Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm.
- İctimaiyyətdə belə fikirlər var ki, mövsümün sonunda sizinlə yollar ayrılacaq. Bu iddialar nə dərəcədə doğrudur?
- Mövsümün sonuna hələ vaxt var. Hələ ki davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacam. Mənim müqaviləm onsuz da mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil.
- Akademiyanın yetirmələrinə şans verilməsi klubun gələcəklə bağlı uzunmüddətli planlarının olmasından xəbər verir?
- Bizim güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.
- Komandanın çətin günlərində rəhbərliyin dəstəyini hiss edirsiz?
- Biz hamımız komanda üçün çalışırıq. Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər.
- İkinci penaltini niyə Səbuhi Abdullazadə yox, Rüstəm Əhmədzadə vurdu?
- Bu, oyunçuların öz aralarında verdiyi qərar idi. Onların qərarına mən qarışmıram

