Komandanı içindən dağıdan “virus” - Problem kimdədir?

21:20 Sumqayıt 195
Komandanı içindən dağıdan “virus” - Problem kimdədir?

Qış fasiləsinə qədər gördüyümüz “Sumqayıt”dan əsər-əlamət qalmayıb.

2025-ci ilin ikinci yarısında keçirdiyi 16 çempionat qarşılaşmasında 8 qələbə qazanıb, 3 heç-heçə edib, 5 oyunda məğlub olan, fasiləyə 27 xalla yollanan “kimyaçılar” 2026-cı ildə uğursuz nəticələri sıralayır.

Saşa İliçin çalışdırdığı kollektiv 17-ci turdan bu yana 1 qalibiyyət əldə edib, 1 dəfə bərabərə qalıb, 4 dəfə meydanı məğlub tərk edib.

Azərbaycan kubokunda isə 1 heç-heçə və 1 məğlubiyyətlə mübarizəni 1/4-də dayandırıb.

Baş məşqçi yerindədir. Kömıəkçiləri də heç yerə getməyib.

Komandadakı dəyişikliklərə gəlincə, heyət güclənib ki, zəifləməyib.

Əsas heyətə düşməkdə çətinlik çəkən Rauf Rüstəmli ilə meydanda olduğu oyunlarda səhvləri sıralayan Pedro Pinto komandanı tərk edib.

Onların əvəzinə Ukrayna çempionatından Emil Mustafayevlə Danilo Beskorovaynıy dəvət olunub, Burkino-Faso millisinin üzvü Sedrik Badolo ilə münasibətlər rəsmiləşdirilib.

Komandada ciddi islahatlar baş vermədiyi halda, komandanın çıxışında qısa müddətdə müşahidə olunan eniş ciddi sual doğurur.

Hazırkı futbolçuların potensialı, baş məşqçinin bacarığı qışa qədər olan müddətdə iddialılar arasında yer almağa imkan verməsəydi, “Sumqayıt”ın ilk “5-lik”də nə işi vardı?

Təsadüf bir dəfə olur, uzağı iki dəfə.

Ancaq bu kollektiv səfərdə “Qarabağ”ı məğlub edib, “Bank Respublika Arena”da “Sabah”la bərabərə qalıb, “Neftçi”ylə səfər heç-heçəsi edib, “Araz-Naxçıvan”dan 3 xal alıb, “Qəbələ”, “Şamaxı”, “İmişli”, “Karvan-Yevlax”, “Kəpəz” kimi rəqiblərdən rahatlıqla 3 xal almışdı.

İndi isə “Qəbələ”ylə bərabərə qalır, “Kəpəz”dən 3 top buraxır, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi rəqiblərinə uduzur.

Problem komandanın içindədir - əhval-ruhiyyədə, hansısa işlərin düzgün qurulmamasında, ruh düşkünlüyünün aradan qaldırılmamasında və sair.

Saşa İliç 16 turda oynatdığı futbolla adından söz etdirməyi bacarmışdısa, deməli, zəif məşqçi deyil. Futbolçular da həminkidir.

Sadəcə meydandakı icraçılar tələbləri yerinə yetirmir, yetirə bilmir. Məğlub psixologiyası sümüklərinə qədər işləyib.

Klub rəhbərliyi ilə məşqçilər heyəti gecəni gündüzə qatıb baş sındırmalı, komandanın canına düşən “virusu” tapmalıdır.

Hələ gec deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti