“Sumqayıt” böhran içindədir.
Qış fasiləsinə qədər rəqiblərinə göz açmaq imkanı vermədən qələbələri sıralayaraq iddialılar sırasında yer alan “böyük şəhərin tək komandası” hər ötən gün üzüaşağı gedir.
Komandadakı vəziyyət o deyil. Qələbə ruhu itib. İntizamsızlıq baş alıb.
“Kimyaçılar”ın yarımmüdafiəçisi Nikola Ninkoviç əməlləri ilə rəhbər Riad Rəfiyevlə baş məşqçi Saşa İliçi kölgədə qoyub. İndi hamı ondan danışır.
Vaxtilə İtaliyada “Cenoa”, “Empoli”, “Kyevo”, “Askoli” kimi komandaların şərəfini qroumuş “10 nömrə” ötən həftə “Karvan-Yevlax”la matçın 63-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.
Düzdür, həmin anda “Sumqayıt” hesabda 0:3 geridəydi, uğurlu nəticə müşkül görünürdü. Lakin “Qarabağ” – “Sabah” matçında birincilər 0:3-ü 3:3-ə çevirməklə futbolun 90 dəqiqə oynanıldığını göstərdi.
Ninkoviç Azərbaycan kuboku çərçivəsində baş tutan “Zirə” – “Sumqayıt” qarşılaşmasında eyni əməli təkrarladı.
Hesab 0:1 olarkən, 83-cü dəqiqədə rəqib futbolçunun ayağına zərbə endirən serbiyalı haqlı olaraq qarşısında “qırmızı” gördü. Yekunda komandası 0:2 hesabı ilə uduzaraq kubok mübarizəsini dayandırdı.
Bir futbolçu komandadan getmək həvəsində olduğunu bildirmək üçün bundan artıq nə etməlidir?
Adam getmək istəyir, mövcud vəziyyətlə barışa bilmir. Futbol oynamaq həvəsini təpik atmaq istəyi əvəzləyib. Ona görə də hər oyunda qarşısına çıxanı vurur, hakimlərin qərarına etiraz edir, rəqib futbolçularla intriqadan çəkinmir.
Xətrinə dəyməyin, oturub danışın, buraxın, gedib Belqradda dincəlsin.
Ziyanın yarısından qayıtmağın özü də xeyirdir.
HƏBİB

