Ötən ilin iyulunda “Sumqayıt“ın sükanı arxasına keçən Saşa İliçin burada fəaliyyətini davam etdirib-etdirməməsi qazanacağı nəticələrdən asılıdır.
Klub rəhbərliyi artıq ona müvafiq xəbərdarlığını edib.
Serbiyalı mütəxəssis komandanı avrokuboklara daşımalıdır ki, onunla yeni müqavilə imzalansın. Bunun üçün iki yol var – Premyer Liqa və ölkə kuboku.
Hələlik “kimyaçılar“ın hər iki “cəbhə“ vasitəsilə qitə arenasına çıxmaq şansı qalmaqdadır.
“Gənclik şəhəri“ təmsilçisi kubokun ¼ final mərhələsində “Zirə“nin rəqibidir. Premyer Liqada 22 tura 31 xal toplamış komanda hazırda turnir cədvəlinin altıncı pilləsindədir.
“Sumqayıt“ balkanlı çalışdırıcı ilə 1 illik müqavilə imzalayıb. Şər deməsən, xeyir gəlməz - qarşıya qoyulan hədəfə çatmaq mümkün olmasa, o, iyunda geri dönməmək şərtiylə ölkəsinə qayıtmaq məcburiyyətində qalacaq.
İliçin baş məşqçi kimi ilk iş yeri “Çukariçki” olub. 2021/22 mövsümünün əvvəlində komandanın başına gətirilib, apreldə qovulub.
Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının sükanı arxasına keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə buradır.
2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanda - “Atromitos”da işləməyə başlayıb.
“Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb.
Nijni-Novqorod təmsilçisi “Pari” ilə müqavilə bağlayıb. “Pari” sezonun sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla premyerliqada yerini itirib.
Ancaq soydaşımız Tufan Sadıxovun sahibi olduğu “Ximki” elitadan qovulduğundan, “Pari” çempionatda qalıb. Bununla belə, klub rəhbərliyi onunla yoluna davam etməyib.
SPORTİNFO.AZ

