“Sumqayıt” Yevlax səfərində “Kəpəz”in önündə darmadağın oldu.
Meydana itkilərlə çıxan komandaların duelində Gəncə təmsilçisi rəqibinə göz açmağa imkan vermədi – 3:0.
Oyun başa çatandan sonra “kimyaçılar”ın əksər futbolçuları mətbuata danışmaqdan boyun qaçırsa da, “Sumqayıt”ın yaponiyalı yarımmüdafiəçisi Masaki Murata Sportinfo.az-ın suallarını cavablandırdı.
- Bu, nə qəza idi, başınıza gəldi?
- Nə baş verdiyini özüm də anlaya bilmirəm. Çox sayda səhvlərə yol verdik. Axmaq səhvlərimiz ucbatından qapımızdan 3 top buraxdıq. Bunu fərdi şəkildə yox, komanda şəklində etdik. Konkret kimisə günahlandırmaq doğru olmaz. Məğlubiyyətdə hər birimizin nöqsanı var. Bu gün azarkeşlərimizi məyus etdiyimizə görə çox üzgünəm. Onlar o boyda yolu qət edib Sumqayıtdan Yevlaxa gəlmişdi. Azarkeşlərimizdən üzr istəyirəm. Belə oyunlarda xarakter göstərməliyik. Təəssüf ki, bugünkü xaraktersizlik bizə problem yaratdı. Səhclərimizdən nəticə çıxarıb, qarşıdakı matçlarda uğur qazanmalıyıq.
- Əsas heyət üzvləri Aleksandr Ramalinqom cəzalı, Roy Kehat zədəli idi, Aleksa Yankoviç ehtiyatda qalmışdı. Ağır yenilgidə itkilərin rol oynadığını düşünürsən?
- İnsanlar bunu səbəb kimi görə bilər. Lakin mən razılaşmıram. Komandada kifayət qədər futbolçu var. Hər birimiz meydana çıxmağa və “Sumqayıt”ın adını layiqincə təmsil etməyə hazır olmalıyıq. İtkilərə qalsa, “Kəpəz”in də bir neçə futbolçusu müxtəlif səbəblərdən meydanda yox idi. Uduzmuşuqsa, günahı özümüzdə axtarmalıyıq, itkilərdə, yaxud oynamayan futbolçularda yox.
- Problem tək bu oyunla bağlı deyil. Qış fasiləsindən sonra Premyer Liqada keçirdiyiniz 6 görüşdə yalnız 1 qələbə qazanıb, 1 heç-heçə etmisiniz. “Sumqayıt”da nə baş verir?
- Problemin nədən və haradan qaynaqlandığını bilsək, həll edərik. Suala konkret cavab vermək mənim üçün çətindir. Çünki göstərə biləcəyim səbəb yoxdur. Əsas odur ki, bu vəziyyətdən çıxaq, qələbələri sıralayaq, azarkeşlərimizi sevindirək. Bunu bacaracağımıza inanıram.
- Həmyerlin Ryonosuke Ohoriyə qarşı oynamaq prinsipiallıq baxımından sənin üçün əlavə motivasiya idi?
- Nə mənada?
- Məsələn, yapon futbolçular – Murata ilə Ohorinin komandalarının duelində hansının sevinməsi baxımından.
- Vətəndən kənarda istənilən həmyerlimə qarşı oynamaq xüsusi hisdir. Ancaq burada hansısa prinsipiallığın, yaxud əlavə motivasiyanın olduğunu düşünmürəm. Mənim üçün rəqib komandadakı futbolçunun yox, rəqib komandanın adı önəmlidir. Yəni həmin matçda qələbə qazanaraq “Sumqayıt”ın turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq.
HƏBİB

