Saşa İliçin "Sumqayıt"a təyinatını müsbət qarşılamamışdım.
Klub tarixindəki ilk iki əcnəbi mütəxəssis uğursuz olub.
Bütün uğurlar yerli mütəxəssislərlə əldə edilib.
Sanki klub başbilənləri "atalar üçdən deyib" məsələnə inanıb yenidən ölkə xaricinə üz tutdular.
İnsafən, İliç əvvəlki iki əcnəbidən bacarıqlıdır.
Normal komanda formalaşdıra bilib.
"Sumqayıt" liqada baxımlı futbol oynayan, sistemi olan, məşqçi işi görünən 3-5 kollektivdən biridir.
"Kimyaçılar"ın "Qarabağ", "Araz-Naxçıvan" kimi iddialı klublara qarşı keçirdiyi oyunlara baxanlar fikirlərimlə razılaşar.
Nəticələr də pis deyildi.
Qış fasiləsindən qayıdanda üçüncü pillə şansları çox böyük idi.
Ardıcıl alınan məğlubiyyətlər ilk altılıq şanslarını belə sual altına saldı.
Bəli, "Kimyaçılar"ın ən böyük bəlası sabit çıxış edə bilməməsidir.
Son çempion "Qarabağ"ı məğlub edən, lider "Sabah"dan xal qoparan komanda "Kəpəz" önündə darmadağın olmalı deyil.
Ardıcıl 8 matçda qələbə üzünə həsrət qalmalı deyil.
Yox, elə sonda 7-8-ci pillələrdə yer almaq problem deyildisə, Serbiyadan mütəxəssis gətirməyə nə ehtiyac vardı?
Vallah bu cür nəticəni yerli məşqçilər daha az maaşa, büdcəyə rahatlıqla təmin edə bilərdilər.
Hələ heç nə itirilməyib.
Qarşıda 11 tur var.
Toparlanıb ən azı ilk 5-likdə qərarlaşmaq olar.
Əks halda, "Sumqayıt"ın İliçə "əlvida" deməkdən başqa yolu qalmayacaq.
XANOĞLAN İMANOV

