“Quyu” qazırlar - Bunlar deyəsən, qəsdən uduzurlar ki…

14:40 Sumqayıt 129
“Quyu” qazırlar - Bunlar deyəsən, qəsdən uduzurlar ki…

Ta bugündən sonra heç kim məni inandıra bilməz ki, «Sumqayıt»ın futbolçuları Saşa İliçin işində qalmasını istəyir.

İstəyi olan komanda «Kəpəz»lə oyunda o cür biabırçılıq etməz.

0:3 təsadüf deyil. Burada təsadüfün «t»sını axtarmağa da dəyməz.

Özünə görə yaxşı heyətə malik «Sumqayıt» Yevlaxda futboldan savayı hər şey göstərdi. Oyuna pis başlayıb, sonluğu biabırçı gətirdi.

Saşa İliç belə bəsit qollar buraxmaqlarına inana bilmədiyini deyib. Bu, üstüörtülü mesajdır - həm klubun idarəçilərinə, həm də oyunçularına.

Rəhbərliyə mətbuat vasitəsilə demək istəyib ki, bax görürsüz, meydanda nələr baş verir, qəsdən belə etdilər.

Futbolçulara da çatdırmağa çalışıb ki, mən neyləmək fikrində olduğunuzu anlayıram, narahat olmayın, görüşərik.

Gəlin, bundan sonrasını gözləyək. Görək, serbiyalı nə kimi adekvat addımlar atacaq, kimləri düşərgədən uzaqlaşdıracaq, ya da ehtiyata atacaq.

«Sumqayıt»da malliyyə çətinliyinin olmasını bilirik. Bir neçə aydır ki, bu sıxıntı mövcuddur: maaşlar tam verilmir, mükafatlar yubanır.

Bəyəm bu, tək «Sumqayıt»ın üzləşdiyi problemdir?

Premyer Liqanın əksər klubları oxşar vəziyyətdədir. Tək biz məlumatlı deyilik bundan, «Sumqayıt»dakılar da xəbərdardır.

Demək ki, onların pullarının gecikməsinə bu cür «reaksiya» vermələri az inandırıcıdır. Nə baş verirsə, onlarla İliçin arasında olan narazılığın «meyvə»sidir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti