Çox ciddi problemi var «Sumqayıt»ın.
Mayın sonunda avrokubok zonasından kənarda qalsalar, günahı özündə görsünlər.
Problemin adı məsuliyyətsizlikdir. Həm rəhbərlik və baş məşqçinin, həm də futbolçuların ünvanına aiddir bu.
Aleksandr Ramalenqom lüzumsuz yerə rəqibə zərbə endirir və qırmızı vərəqə alaraq, komanda yoldaşlarını çətin vəziyyətdə buraxırır.
İtaliyanın A Seriyasında dörd-beş klub dəyişmiş Nikola Ninkoviç yaxın məsafədən topu qapıya vurmur, göydəki quşları nişan alır.
Rüstəm Əhmədzadə keyfinə düşəndə oynayır, keyfinə düşəndə oynamır.
Ronaldo Vaskes istisnadır, ikinci və üçüncü zonada çıxış edənlər öz işinə can yandırmır.
Saşa İliç səbəbini bilmir. Açıq deyir bunu baş məşqçinin özü. «Niyə belədir» sualının cavabını tapmağa da həvəs göstərmir.
Ya ruhdan düşüb, ya da ki, vaxt tapmır. Arada siqaret qutularını boşaldır hər gün.
O siqaretdən bir tüstü alıb ciyərlərinə çəkəndə bu barədə fikirləşmək də istəmir. Görünür, daha vacib işlər var onun üçün. mövsümün yarıdan çoxu gedib, azı qalıb.
«Sumqayıt» isə hələ də sabitlik adasına yaxınlaşa bilməyib.
Nəticələri kimi, oyunu da yelkənli gəmi kimidir.
Külək bir az qalxanda dalğalar yelkənli gəmini açıq dənizdə necə atıb-tutursa, «Sumqayıt» da bax o cürdür.
MUSA

