“Bu suala cavab vermək mənim üçün çətindir, nə demək istədiyinizi anlayıram”

19:40 Sumqayıt 104
“Bu suala cavab vermək mənim üçün çətindir, nə demək istədiyinizi anlayıram”

“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Sportinfo.az-a müsahibə verib.

Komandanız keçən tur “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzdu. Oyunu və nəticəni necə şərh edə bilərsən?

- Çox üzgünük, deyiləcək sözüm yoxdur. Ümumi götürəndə pis oynamadıq. Lakin nəticə ürəyimizcə olmadı. Ona görə də necə oynamağımız önəm daşımır.

- “Sumqayıt” uduzdu, yoxsa “Araz-Naxçıvan” qalıb gəldi? Deməyim odur ki, rəqib layiqli qələbə qazandı?

- Biz uduzduq.

- Niyə?

- Hakimliklə və başqa məsələlərlə bağlı nələrsə var idi. Bu barədə çox danışmaq istəmirəm. Yenə deyirəm, pis oynamadıq, sadəcə bitiriciliklə bağlı problemlər imkan vermədi. “Araz-Naxçıvan” penaltidən vurulan qolla qalib gəldi.

- Hakim lehinizə təyin etdiyi penaltini ləğv etdi, rəqibin xeyrinə “nöqtə”ni göstərdi və komanda yoldaşın Aleksandr Ramalinqomu meydandan qovdu. İdarəçilikdən razı qaldın?

- İlk 20 dəqiqəni rəqibə topla oynamaq imkanı vermirdik. Penalti epizodunda oyun 10 dəqiqəyə yaxın dayandı. İkinci hissədə tez-tez qapıdan zərbələr, cərimə zərbələri, aut, yerdə qalmalar – bunlar oyunun tempini aşağı salırdı. Temp aşağı düşəndə, bu, istər-istəməz nəticəyə təsir edir.

- “Sumqayıt” bir oyun uduzur, digərini udur, yenə məğlub olur. Komandada sabitlik çatmır. Səbəbini nə ilə izah edə bilərsən?

- Bu suala cavab vermək mənim üçün çətindir. Nə demək istədiyinizi anlayıram. Kollektiv olaraq bunun üzərində işləyirik. Bir şey də var ki, bütün rəqiblər bizə qarşı ciddi hazırlaşır. Oyun üslubumuzu öyrənirlər, üstün və zəif cəhətlərimizi bilirlər. Bunun da müəyyən rolu var.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti