21-ci turun prinsipial oyunlarından biri Sumqayıtda baş tutacaq.
Yerli komanda doğma azarkeşlərinin önündə “Qəbələ”ni qəbul edəcək.
Komandaların hədəfləri fərqlidir. Sumqayıtlılar avrokuboklar uğrunda mübarizə apardığı halda, qəbələlilər elitadakı yerini qorumağa çalışır.
Lakin bir məqam var ki, ona xüsusi toxunmaq lazımdır.
“Kimyaçılar” qış fasiləsindən sonra meydana çıxdığı 4 oyunun 3-də məğluib olub. Bölgə təmsilçisi isə 4 matçın 2-də qalib gəlib, 2-də uduzub.
Başqa cür desək, hər iki kollektiv son 2 görüşdə yenilgi acısı yaşamaqla “yaralı aslan” təsiri bağışlayır.
Məhz bu məqam qarşılaşmanın gərginliyini indidən hiss etməyə əsas verir.
“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Sportinfo.az-a açıqlamasında oyundan gözləntilərini dilə gətirib:
“Qəbələ”də qış fasiləsindən sonra yüksəliş hiss olunmaqdadır. Son matçlarda məğlub olmasına baxmayaraq, çox yaxşı təsir bağışlayır.
Onlar da vəziyyəti düzəltmək üçün qələbə dalınca gələcək. Məğlub olmaq limitimiz bitib.
Bundan sonra yalnız qələbə barədə düşünməliyik. Matçı 3 xalla başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.
Fevralın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.
HƏBİB

