"Sumqayıt"ın qış fasiləsində heyətinə qatdığı tək əcnəbi Danilo Beskorovaynıy oldu.
Ukraynalı mərkəz müdafiəçisi artıq 1 aya yaxındır ölkəmizdədir.
2 rəsmi görüşdə meydana çıxıb.
26 yaşlı legioner Sportinfo.az-a açıqlamasında klubun təmsil olunduğu şəhər barədə ağızdolusu danışıb:
"Bu şəhər çox xoşuma gəldi. Ona görə də burda qalıram. Gözəl və isti şəhərdir.
Baxmayaraq ki, bəzən bir qədər soyuq olur. Amma ümumən Sumqayıt günəşli yerdir, gözəl havası var.
Mən Ukraynadanam. Hazırdı biz tərəflərdə -20 dərəcə şaxta var. Məlum məsələlərə görə, insanlarımız hazırda işıqsız və qazsız qalıb. Onlar çətin vəziyyətdədirlər".
O, ev oyunlarına az azarkeşin gəlməsinə də münasibət bildirib:
"Gəlin düz danışaq. "Zirə" ilə görüşdə hava heç də yaxşı deyildi. Belə havada azarkeşlər stadiona gəlmək istəmir. Ancaq ümid edirəm ki, qarşıdakı oyunlarda bizi tək buraxmayacaqlar. Onları stadiona cəlb etmək üçün isə "Sumqayıt" baxımlı və nəticə verən oyun ortaya qoymalıdır".
Danilo sonda Azərbaycandan təklif alanda kimlərdən məsləhət aldığını bizimlə bölüşüb:
"İlk olaraq "Sumqayıt"a sabiq komanda yoldaşım Emil Mustafayev gəlib. O, mənə şəhər və klub barədə müəyyən qədər məlumat verdi. Ukrayna U-20-də Aleksey Kaşukla bir yerdə oynamışam. Rüstəm Əhmədovu da tanıyırdım. Onlar da bura gəlməyi məsləhət gördülər".
XANOĞLAN

