"Sumqayıt" üçün mövsümün əla keçdiyini demək olar.
"Kimyaçılar" ötən yay yenilənən kollektivlə arxada qalan 18 turda özünü yaxşı tərəfdən göstərə bilib.
30 xala sahib Saşa İliçin yetirmələri hazırda 4-cü pillədə qərarlaşır.
Üçüncü pillədə qərarlaşan və ehtiyatda bir oyunu qalan "Turan Tovuz"un da ehtiyatında 30 xalı var.
Deməli, hətta medalçılar sırasında mövsümü başa vurmaq olar.
Sumqayıt təmsilçisinin ölkə kubokunda da işləri yolundadır.
1/4 finalçılar arasında olan komandanın rəqibi "Zirə"dir.
Bu gün baş tutacaq ilk görüş Sumqayıtda keçiriləcək.
Kasad heyəti olan "Sumqayıt" üçün iki cəbhədə mübarizə aparmaq elə də asan görünmür.
Amma "gənclik şəhəri"nin əsas qol ümidi Aleksandr Ramalinqom Sportinfo.az-a açıqlamasında fərqli düşündüyünü bildirib:
"Hər iki turnirdə uğurlu olmaq bizi sevindirir.
Çətinlik isə yoxdur.
Əlimizdən gələni edəcəyik.
Sona qədər mübarizə davam edəcək.
Hər oyunu qazanmağa çalışacağıq.
Biz hər dəfə qalib gəlmək istəyirik.
Addım-addım, hər oyunda bu məqsədimizi ortaya qoyacağıq".
XANOĞLAN

